Kaxetidə Toy süfrəsini təhqir edən ruslara görə bəyin qardaşı saxlanıldı-VİDEO

Jul 19, 2026 - 14:33
Jul 19, 2026 - 14:38
 0  47

Kaxeti bölgəsində yerləşən məşhur "Agarani Estate" otelində Gürcüstan vətəndaşları ilə Rusiyadan gələn qonaqlar arasında kütləvi fiziki qarşıdurma baş verib. Hadisə nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən bir nəfər yerli sakin saxlanılıb. 

Sosial şəbəkələrdə isə toy sahibi olan ailə üzvləri və şahidlər hadisənin qorxunc təfərrüatlarını paylaşıblar.

 XEBER.GE xəbər verir ki, dava Rusiya vətəndaşı olan qadınların gürcü milli musiqisinə, adət-ənənələrinə və toy süfrəsinə qarşı etdiyi təhqirlər və təxribatlardan sonra alışıb.

Sosial şəbəkədə geniş bəyanat yayan toy sahibinin yaxın qohumu hadisənin əsl gedişatını belə təsvir edib:

"Dünən bacım oğlunun toyu idi. Hər şey çox gözəl keçirdi. Qəfildən oteldə qalan rus qadınlar gürcü mahnılarını bəyənmədiklərini bildirərək eyvandan aşağı — bizim toy süfrəmizin və müğənnilərin üzərinə əvvəlcə şərab, daha sonra isə sidik tökdülər və tüpürdülər. Qonaqlar dağılışsa da, onlar təxribata davam edirdilər. Toyda çoxlu sayda spirtli içki qəbul etmiş gəncin olduğunu bilə-bilə onların əsəbləri ilə oynayır, bizə 'papuaslar', 'gürcü donuzları' (gruzin svinya) deyə qışqırırdılar. Bəy və gəlin gürcü rəqsi oynayarkən isə yuxarıdan musiqi aparaturasının üzərinə tüpürdülər".

Şahidin sözlərinə görə, ailə otel rəhbərliyinə və administrasiyaya dəfələrlə xəbərdarlıq etsə də, otel işçiləri vəziyyəti nizamlamaqda aciz qalıblar. Nəticədə spirtli içkinin təsiri altında olan bəyin qardaşı rusların qaldığı nömrəyə qalxıb. Orada rusiyalı qadınlardan biri gənc oğlanın boğazından yapışıb və bundan sonra fiziki qarşıdurma qaçılmaz olub.

Hadisə barədə gürcü siyasətçi Boris Çele Qurua da sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, rus qadınların pəncərədən toyun üzərinə su tökməsindən sonra qəzəblənən gürcü kişi otağa daxil olaraq onlardan birinə əl qaldırıb.

Siyasətçi qadınlara qarşı fiziki zorakılığın yolverilməz olduğunu vurğulasa da, maraqlı bir detala diqqət çəkib:

Hadisəyə səbəb olan Rusiya vətəndaşları baş verənlərdən sonra sosial şəbəkədə post paylaşaraq Tbilisi meri Kaxa Kaladzedən şəxsən kömək və müdafiə tələb ediblər.

Hazırda faktla bağlı DİN tərəfindən istintaq davam edir, hadisə yerində araşdırmalar aparılır. Ailə isə gəncin təxribat nəticəsində bu addımı atdığını bildirir.