İstintaq xidməti Qaribaşvilinin arvadının qardaşının evinə də girdi
İrakli Qəribaşvilinin evindən başqa, onun qohumlarının evlərində də axtarışlar seriyası keçirilib.
Xeber.ge xeber verir ki, İstintaq Xidməti eks-baş nazirin həyat yoldaşının qardaşı, Lekso Tamazaşvilinin evinə də girib. "Pirvelebi"nin öyrəndiyinə görə, Tqvarçeli küçəsində yerləşən evə müstəntiqlər dünən səhər saat 10:00-dan daxil olublar.
Həmin evdə "TV Pirveli"nin çəkiliş qrupu olub, lakin orada heç kəsə rast gəlməyiblər. Ehtimal ki, Lekso Tamazaşvili sorğu-sual üçün aparılıb. "Pirvelebi" onun ailə üzvləri ilə əlaqə qurmağa çalışsa da, onların heç biri telefon zənglərinə cavab verməyib.
İndi əsas sual budur ki, Qəribaşviliyə qarşı sübutlar axtarılır, yoxsa eks-baş nazirə qandal taxmağa hazırlaşır.
Məlumat üçün bildirək ki, dünən müstəntiqlər İrakli Qəribaşvilinin, Qriqol Liluaşvilinin və Otar Partsxaladzenin evlərində olublar. Baş Prokurorluğun məlumatına görə, axtarışlar onlarla əlaqəli olan 8 nəfərin evində də aparılıb. Baş prokuror Giorgi Qvarakidzenin bəyanatına əsasən, elektron cihazlar, sənədlər və böyük miqdarda pul götürülüb.