İsrailin hücumları nəticəsində 1500 fələstinli görmə qabiliyyətini itirib

May 11, 2025 - 14:33
 0  33
İsrailin hücumları nəticəsində 1500 fələstinli görmə qabiliyyətini itirib

Xeber.ge xəbər verir ki,  Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya qarşı davam edən müharibəsi nəticəsində təxminən 1500 fələstinlinin görmə qabiliyyətini tamamilə itirdiyini, daha 4000 nəfərin isə kor olmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Bu vəziyyət dərman və tibbi avadanlıq çatışmazlığı fonunda daha da dərinləşir.

Qəzzadakı Göz Xəstəxanasının direktoru doktor Əbdüssəlam Sabah bazar günü verdiyi açıqlamada bildirib ki, hazırda bölgədə göz cərrahiyyəsi üçün lazım olan əsas avadanlıq və istehlak materiallarında ciddi çatışmazlıq müşahidə olunur. Bu da xüsusilə şəbəkə qişası (retina) xəstəlikləri, diabetik retinopatiya və daxili göz qanaxmaları kimi ağır halların əməliyyatla müalicəsini praktiki olaraq mümkünsüz edir.

Sabah qeyd edib ki, xəstəxananın istifadəsində cəmi 3 ədəd köhnə və dəfələrlə istifadə olunmuş cərrahi qayçı var və bu da pasiyentlərin həyatını risk altına salır. “Xilas edilə biləcək gözlər, alətlər olmadığı üçün kor qalır,” – deyə o bildirib.

Partlayış nəticəsində yaranan göz xəsarətlərinin müalicəsi üçün vacib olan helyum qazı və incə tikiş sapları kimi materialların tükənmək üzrə olduğunu da vurğulayıb.

Doktor Sabah beynəlxalq qurumlara və humanitar təşkilatlara çağırış edərək Qəzza Göz Xəstəxanasının tamamilə fəaliyyətini dayandırmaq təhlükəsində olduğunu bildirib və dərhal müdaxilə olunmasa, cərrahi xidmətlərin tamamilə dayanacağını xəbərdarlıq edib.

*İsrailin Qəzzada sağlamlıq infrastrukturunu hədəf alması, yalnızca binaların deyil, minlərlə insanın həyati funksiyalarının da məhv edilməsinə səbəb olur. Gözünü itirən fələstinli uşaqlar və böyüklər bu müharibənin ən acımasız üzünü ortaya qoyur.

mənbə: az.shafaqna.com