İsrail Livanın cənubunda atəşkəsi pozaraq qətllər törədib
Xeber.ge xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi İsrail ilə “Hizbullah” arasında əldə olunmuş atəşkəsə baxmayaraq, ölkənin cənub bölgələrində həyata keçirilən İsrail hücumları nəticəsində 14 nəfərin qətlə yetirildiyini açıqlayıb.
Nazirliyin məlumatına əsasən, ölənlər arasında iki qadın və iki uşaq da var; eyni zamanda 37 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunub.
Livanın rəsmi xəbər agentliyi İsrail ordusunun cənubdakı Yarun və Bint Cubeyl qəsəbələri arasında yerləşən yaşayış evlərini və mülki infrastrukturu hədəfə alaraq ciddi dağıntılar törətdiyini qeyd edib.
Məlumata görə, İsrail qüvvələri Sur bölgəsinə daxil olan Burj Kallaviye qəsəbəsinə hava zərbələri endirib, eyni zamanda Mansuri və Beyt əl-Seyyid qəsəbələrini artilleriya atəşinə tutub.
Nəbatiyə bölgəsində isə İsrailin Kfar Tebnit qəsəbəsinə yönəlmiş hücumu zamanı açılan artilleriya atəşi Arnun qəsəbəsini və Əli əl-Tahir meşə massivini də əhatə edib.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri eyni bölgədə yerləşən Zavtar əl-Şarkiyə qəsəbəsində zərbələr endirib, nəticədə bir məscid və dini fəaliyyətlər üçün istifadə olunan obyekt dağıdılıb.
Agentliyin yaydığı məlumatda qeyd olunur ki, İsrail qüvvələri Bint Cubeyl bölgəsində Beyt Yahun qəsəbəsini də hədəfə alıb, həmçinin Burj Kallaviyəyə üç, Kafraya bir zərbə endirib və Cubal əl-Botım ilə Sadıkin qəsəbələri arasındakı əraziyə də hücumlar həyata keçirib.
mənbə: azshafaqna.com