İri məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin keçmiş əməkdaşları saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, məhkəmə qərarı əsasında Müdafiə nazirinin keçmiş müavini G.X., nazirliyin Satınalmalar Departamentinin keçmiş rəhbəri V.Ğ. və müdafiə nazirinin o dövrdəki yaxın qohumu V.M. saxlanılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze brifinq zamanı məlumat verib.
Qaqnidzenin sözlərinə görə, saxlanılan şəxslər 2023-cü ildə Gürcüstan Müdafiə Nazirliyinə məxsus iri məbləğdə vəsaiti – ümumilikdə 1 333 728 lari – öncədən razılaşdırılmış şəkildə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəyiblər.
İstintaqla müəyyən olunub ki, cinayətkar qrup əvvəlcədən plan quraraq, tibb avadanlıqlarının satınalınması prosesini süni şəkildə təşkil edib. Bu prosesdə real bazar araşdırması aparılmayıb və alışda yalnız V.M.-ə yaxın əlaqələri olan müəssisələr iştirak edib.
Qaqnidzenin sözlərinə görə, satınalma prosesi elə şəkildə təşkil olunub ki, saxta kommersiya əməliyyatları və eyni tarixli saxta vergi sənədləri vasitəsilə tibb avadanlıqları bir neçə dəfə satılıb və bununla da onların qiyməti süni şəkildə artırılıb. Nəticədə Müdafiə Nazirliyi həmin avadanlıqları bazar qiymətindən xeyli baha qiymətə alıb.
İstintaq həmçinin müəyyən edib ki, o dövrdəki müdafiə nazirinin yaxın qohumu V.M. əvvəlcədən seçilmiş şirkətlərə satınalmada qələbə vəd edib və bunun qarşılığında nazirlikdəki əlaqələrindən istifadə edəcəyini bildirib.
Cinayət əməlləri nəticəsində dövlətə azı 1 333 728 lari məbləğində ziyan dəyib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri, həmçinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaq digər şəxslərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi istiqamətində davam etdirilir.
mənbə: interpress