İrakli Kobaxidze: Yol hərəkəti cərimələrinin azaldılması məsələsinə baxıla bilər

Jun 9, 2026 - 15:12
 0  51
İrakli Kobaxidze: Yol hərəkəti cərimələrinin azaldılması məsələsinə baxıla bilər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələrin azaldılması perspektivindən danışıb.

Xeber.ge xəbər verir ki, baş nazirin sözlərinə görə, son bir ilin statistik göstəriciləri artırılmış cərimələrlə qanun pozuntularının azalması arasında birbaşa korrelyasiyanın olmadığını sübut edir.

"Biz mütəmadi olaraq statistik məlumatları və cərimələrin artırılmasının yol hərəkəti təhlükəsizliyi göstəricilərinə təsirini izləyirik. Təəssüf ki, keçən ilin göstəricilərinə əsasən, cərimələrin artırılması ilə statistikanın yaxşılaşması arasında birbaşa əlaqə müşahidə olunmur", - deyə İrakli Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, hazırkı yüksək cərimələr əhali üçün əlavə maliyyə yükü yaradır:

"Nəzərə alsaq ki, bu cərimələr əhali üçün ağır yükə çevrilib, biz parlamentlə birlikdə cərimələrin azaldılması məsələsini nəzərdən keçirə bilərik".

Qeyd edək ki, sözügedən təşəbbüsün reallaşacağı təqdirdə, ölkədə yol hərəkəti qaydaları ilə bağlı cərimə siyasətində ciddi dəyişikliklərin ediləcəyi gözlənilir.

Məsələ ilə bağlı əlavə detallar və qanunvericilikdə ediləcək dəyişikliklərlə bağlı məlumatları təqdim edəcəyik.