İnterpol tərəfindən axtarılan Özbəkistan vətəndaşı saxlanıldı
Gürcüstanın Daxili İşlər Nazirliyi ölkə sərhədində mühüm beynəlxalq əməliyyat barədə məlumat yayıb. DİN-in Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən İnterpolun "Qırmızı bülleten"i ilə axtarışda olan Özbəkistan Respublikasının vətəndaşı saxlanılıb.
XEBER.GE xəbər verir ki, əməliyyat Gürcüstan-Türkiyə sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsində baş tutub:
"Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi uğurlu əməliyyat-istintaq tədbirləri nəticəsində beynəlxalq axtarışda olan şəxs 'Sarpi' gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb. Məlum olub ki, həmin şəxs Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol tərəfindən 'Qırmızı bülleten'lə qlobal səviyyədə axtarılırdı", — deyə nazirliyin rəsmi bəyanatında bildirilir.
Hazırda saxlanılan xarici ölkə vətəndaşı barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları icra edilir. Onun yaxın günlərdə Qazaxıstana təhvil veriləcəyi gözlənilir.