Gürcüstanın ərazi bütövlüyü tanınarsa, Rusiya ilə münasibətlər bərpa oluna bilər
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstan ilə Rusiya arasında münasibətlərin normallaşması üçün əsas şərtin ölkənin ərazi bütövlüyünün Rusiya Federasiyası tərəfindən tanınması olduğunu bildirib.
Papuaşvili bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Tbilisi və Moskva arasında münasibətlərin bərpası üçün ilkin şərtlər Gürcüstan tərəfindən dəfələrlə açıqlanıb.
"Biz Gürcüstan və Rusiya arasında münasibətlərin bərpası üçün ilkin şərtlərin nədən ibarət olduğunu açıq şəkildə bildirmişik. Əgər Gürcüstanın ərazi bütövlüyü Rusiya Federasiyası tərəfindən tanınarsa, bu münasibətlər bərpa oluna bilər. Bu, normallaşma yoludur. Rusiya Federasiyası da, onun hökuməti də münasibətlərin normallaşması üçün hansı şərtlərin mövcud olduğunu yaxşı bilir", – deyə parlament sədri vurğulayıb.
O əlavə edib ki, Gürcüstan tərəfi münasibətlərin normallaşmasının tərəfdarıdır.
mənbə: report