Gürcüstan 43 əcnəbini deportasiya etdi: Aralarında azərbaycanlılar da var
Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya departamentinin əməkdaşları 43 əcnəbini deportasiya ediblər.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Miqrasiya qanunlarını pozduqları üçün deportasiya olunanlar arasında Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya ilə yanaşı Azərbaycan vətəndaşları da var.
İlin əvvəlindən bəri ölkədən 1200 qanunsuz miqrant deportasiya edilib ki, bu da son bir neçə ildəki ümumi rəqəmdən çoxdur.
Qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirməyə yönəlmiş Gürcüstanın miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər oktyabrın 1-də qüvvəyə minib. Dəyişikliklərə əsasən, Gürcüstanda qalma müddətini aşan əcnəbilər 1000-3000 lari arasında (təqribən 370-1100 dollar) cərimə olunacaqlar. Cərimə respublikada hansı müddətdə qanunsuz qalmaqdan asılıdır. Cərimə ilə yanaşı, qanunsuz miqrantın Gürcüstana girişi qadağan olunacaq.
mənbə: oxu