“Gürcüstandakı proseslərin inkişafı daha çox böyük oyunçuların qərarından asılıdır...”

Nov 22, 2024 - 13:08
 0  19
“Gürcüstandakı proseslərin inkişafı daha çox böyük oyunçuların qərarından asılıdır...”
“Hesab edirəm ki, Gürcüstanda dəyişikliklər hələ belə tezliklə baş verməyəcək. Sadəcə qlobal oyunçuların qərarlarına uyğun olaraq Ukraynada hərbi əməliyyatların dondurulduğu kimi, Gürcüstanda da cəmiyyətin fikir ayrılığı yaşayan hissələri arasındakı qarşıdurma nisbətən dondurulacaq...”
 
“Reallıq ondan ibarətdir ki, Gürcüstan bölünüb: əhalinin bir hissəsi gələcəyi o köhnə çağırışlara uyğun olaraq təsəvvür edir, digər böyük bir hissəsi isə daha çox ölkənin gələcək taleyinə regional yanaşmaya üstünlük verir. Təbii ki, fikir ayrılığı var, bu, faktdır.  Hələ yaxşı haldır ki, bu günədək Gürcüstan cəmiyyətindəki həmin fikir ayrılığı və bölünmə açıq qarşıdurmaya keçməyib. Çünki bilirsiz ki, tarixdə bir neçə dəfə Tiflisin mərkəzində döyüşlər gedib”. 
 
Bu fikirləri Moderator.az əməkdaşının “Gürcüstanda son parlament seçkilərindən sonra yaranmış durumu necə dəyərləndirirsiniz? Sizcə, prezident Salome Zurabişvilinin seçkilərini nəticələrini tanımamaq çağırışı və ümumiyyətlə, müxalifətin etirazları İvanişvili hakimiyyətinin hökuməti formalaşdırmasına maneə olacaqmı?” sualının cavablandırarkən sabiq baş diplomat Tofiq Zülfüqarov dilə gətirib.
 
“Amma qonşu ölkədəki bu qarşıdurma hələ davam edəcək. Və deyərdim ki, Gürcüstandakı proseslərin inkişafı daha çox böyük oyunçuların, əsasən Qərbin və Rusiyanın geo-siyasi mübarizəsindən asılıdır. Ona görə də hələlik mən orada böyük dəyişikliklər gözləmirəm. Baxaq, görək, o böyük oyunçular nə qərara gələcək”, -deyə davamında siyasi şərhçi diqqətə çatdırıb.
 
“Rusiyapərəst oliqarx sayılan Bidzina İvanişvilinin komandası 3 ay müddətində yeni hökumət qurmalıdır. Əks təqdirdə təkrar parlament seçkiləri keçirilməlidir. Necə hesab edirsiz, müxalifətin təzyiqləri nəticəsində belə bir situasiya yarana bilərmi?” sualını isə keçmiş xarici işlər naziri qısaca cavablandırıb:
 
“Hesab edirəm ki, Gürcüstanda dəyişikliklər hələ belə tezliklə baş verməyəcək. Sadəcə qlobal oyunçuların qərarlarına uyğun olaraq Ukraynada hərbi əməliyyatların dondurulduğu kimi, Gürcüstanda da cəmiyyətin fikir ayrılığı yaşayan hissələri arasındakı qarşıdurma nisbətən dondurulacaq. Və bəlkə də bu gün regional baxışları təbliğ edən tərəf hamıdan çox qərbpərəst olacaq. Buna da təminat vermək olmaz...”
mənbə: modern