Gürcüstanda xüsusi əməliyyat: Polislərə atəş açan şəxs yaxalanıb
Gürcüstanın Daxili İşlər Nazirliyi Şida Kartli bölgəsinin Okami kəndində polis əməkdaşlarına müqavimət göstərən və odlu silahdan atəş açan şəxsi saxlayıb.
Xeber.ge xeber verir ki, əməliyyat zamanı 1983-cü il təvəllüdlü Q.Ş. qandallanıb. O, sağlamlığa qəsdən az ağır zərər vurmaqda, odlu silahın qanunsuz dövriyyəsində və polisə müqavimət göstərməkdə ittiham olunur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində yaranmış münaqişə zamanı həmyaşıdı olan M.Ş.-ni odlu silahla ayağından yaralayıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları şübhəli şəxsi saxlamaq üçün onun evinə gəldikdə, Q.Ş. hüquq-mühafizə orqanlarına qarşı atəş açıb. Vəziyyətin gərginləşməsi ilə əlaqədar hadisə yerinə DİN-in Xüsusi Tapşırıqlar Departamentinin bölmələri cəlb olunub.
Həyata keçirilən birgə uğurlu əməliyyat nəticəsində silahlı şəxs zərərsizləşdirilib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118, 236 və 353-cü maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsi 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.