Gürcüstanda sosial müdafiəyə möhtac ailələr üçün elektrik enerjisi subsidiyası artırılıb

May 13, 2026 - 21:45
 0  10
Gürcüstanda sosial müdafiəyə möhtac ailələr üçün elektrik enerjisi subsidiyası artırılıb

Gürcüstanın İşğal olunmuş Ərazilərindən Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi sosial müdafiəyə ehtiyacı olan və çoxuşaqlı ailələr üçün elektrik enerjisi subsidiyasının artırıldığını elan edib.

Xeber.ge xeber  verir ki, dəyişikliyin əsas məqsədi yeni tariflərin müəyyən edilməsindən sonra bu kateqoriyadan olan vətəndaşlar üçün ödəniş yükünün dəyişməz qalmasını təmin etməkdir.

Hökumətin qərarına əsasən, aprelin 1-dən qüvvəyə minən yeniliklər aşağıdakı kimidir:

70 000-dən az reytinq balı olan ailələr: Onlara əlavə olaraq hər 1 kVt/saat üçün 5 tetri subsidiya veriləcək. Beləliklə, yardımın ümumi məbləği hər kVt/saat üçün əvvəlki 3,5 tetri əvəzinə 8,5 tetri təşkil edəcək.

70 000 - 150 000 arası reytinq balı olan ailələr: Bu ailələr istehlak etdikləri ilk 200 kVt/saat elektrik enerjisinə görə hər kVt/saat üçün əvvəlki 3,5 tetri əvəzinə 8,5 tetri subsidiya alacaqlar.

Ərazi əhatəsi: Bu yenilik Tbilisi bələdiyyəsi istisna olmaqla, bütün ölkə miqyasında yaşayan benefisiarlara şamil edilir.

Çoxuşaqlı ailələr üçün güzəştlər:

Çoxuşaqlı statusu olan ailələr üçün də dəstək artırılıb:

Elektrik enerjisi ödənişi üçün verilən sosial yardımın məbləği 20 laridən 30 lariyə qaldırılıb.

Hər növbəti uşaq üçün bu məbləğə əlavə olaraq 10 lari subsidiya əlavə olunacaq.

Tbilisi bələdiyyəsinin xüsusi proqramı:

Tbilisidə qeydiyyatda olan sosial müdafiəyə möhtac ailələr üçün paytaxt meriyası tərəfindən yanvar, fevral, mart, noyabr və dekabr aylarında işıq, su və təmizlik rüsumları üzrə subsidiyalar davam etdirilir. 2026-cı ilin sosial proqramına əsasən:

70 000 baladək olan ailələr: Aylıq maksimum 106 lari subsidiya ala bilərlər.

70 000 - 200 000 bal arası olan ailələr: Aylıq maksimum 20 lari yardım ala bilərlər.

Təmizlik rüsumu: Qeydiyyatda olan şəxslərin sayından asılı olaraq 2,5 laridən 10 lariyədək ödənilir.

Su ödənişi: Hər abunəçi üçün 4,52 lari həcmində kompensasiya edilir.

Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Tənzimləmə Komissiyasının qərarı ilə ölkə üzrə elektrik enerjisinin tarifi 5 tetri artırılıb.