Gürcüstanda radikal faşist qruplaşmasının 16 üzvü saxlanılıb

Jan 16, 2026 - 15:00
 0  89
Gürcüstanda radikal faşist qruplaşmasının 16 üzvü saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin  Tbilisi Polisi Departamentinin əməkdaşları ölkə miqyasında müxtəlif yaşlı şəxslərə qarşı xüsusi qəddarlıqla fiziki və psixoloji zorakılıq törədən radikal faşist qruplaşmasının 16 üzvünü saxlayıb.

Xeber.ge xəbər verir ki, bu barədə Tbilisi Polisi Departamentinin direktoru Vaja Siradze keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, saxlanılanlardan 10 nəfəri azyaşlıdır.

"Hüquq-mühafizə orqanları tərəfindən aylarla aparılan istintaq nəticəsində müəyyən edilib ki, zorakı qruplaşmanın üzvləri özlərini neonasist adlandırıb və faşist ideologiyasını rəhbər tutublar. Onlar öz təsirlərini artırmaq və tanınmaq məqsədilə ideologiyalarına tabe olmayan şəxslərə qarşı xüsusi amansızlıq nümayiş etdiriblər", - deyə V.Siradze qeyd edib.

İstintaq materiallarına əsasən, qruplaşma üzvləri qurbanlara qarşı törətdikləri zorakılıq, ləyaqəti alçaldan hərəkətlər, fiziki və psixoloji təzyiq anlarını mobil telefonla lentə alaraq müxtəlif internet platformalarında yayıblar. Hadisələr nəticəsində 10-dan çox şəxs zərər çəkib ki, onlardan 4-ü azyaşlıdır.

Təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı mobil telefonlar, maskalar, elektron texnika, nasist simvolları olan əşyalar, habelə səsli və soyuq silahlar aşkar edilərək götürülüb.

Departament rəhbəri həmçinin xatırladıb ki, qruplaşmanın iki lideri — Levan Abesadze və David Cafarov, eləcə də digər 7 üzv bir neçə ay əvvəl oxşar ittihamlarla həbs ediliblər. Lakin istintaq qrupun digər üzvlərinin zorakı əməllərini davam etdirdiyini üzə çıxarıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144-cü prim maddəsinin müvafiq bəndləri (qrup şəklində azyaşlıya qarşı qeyri-insani rəftar) ilə cinayət işi başlanıb. Bu maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hazırda bu ideologiya ilə əlaqəli digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.