Gürcüstanda "oğru dünyası"na qarşı nəhəng əməliyyat-VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən keçirilən miqyaslı xüsusi əməliyyat nəticəsində "oğru dünyası" ilə əlaqədə şübhəli bilinən 27 nəfər saxlanılıb, 6 nəfərə isə gıyabi və ya cəzaçəkmə müəssisəsində rəsmi ittiham elan edilib.
XEBER.GE xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze keçirdiyi brifinqdə məlumat verib. İttiham olunanlar arasında xaricdə yaşayan "qanuni oğru" Mamuka Çxaberidze də var.
Təqsirləndirilən şəxslər bir-biri ilə sistemli şəkildə əlaqə saxlayaraq xaricdə olan "qanuni oğru" Mamuka Çxaberidzedən tapşırıqlar alıb və onun göstərişlərinə uyğun hərəkət ediblər.
Dəstə üzvləri vətəndaşlar arasındakı maliyyə mübahisələrinə müdaxilə edərək "oğru qaydaları" ilə qərarlar çıxarıblar. Onlar tərəflərdən birinə qarşı tərəfin və ya "oğru kassanın" xeyrinə məbləğ təyin edib, vaxtında ödənilmədiyi halda isə fiziki işgəncə və qətlə yetirməklə hədələyiblər.
Axtarışlar zamanı xaricdəki "qanuni oğru" ilə əlaqə saxlamaq üçün istifadə edilən mobil telefonlar, kompyuter texnikası, həmçinin müxtəlif növ döyüş silahları və sursatlar müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü tersiya, 223-cü kvarta və 236-cı maddələri ("Oğru dünyası"na üzvülük, "qanuni oğru"ya müraciət etmə, "oğru toplaşması"nın təşkili və qanunsuz silah gəzdirmə) üzrə istintaq aparılır.
Təqsirləndirilən şəxsləri 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
İlin əvvəlindən 343 nəfər həbs edilib
Daxili İşlər Nazirliyinin statistikasına əsasən, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində bu il record göstəricilər əldə olunub:
1 yanvardan bu günədək "oğru dünyası" ilə əlaqədə olan 343 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 8 nəfəri e.ə. "qanuni oğru" statusuna malik şəxslərdir.