Rustavidə yeni müasir park salınacaq
Rustavidə, Kür çayının sağ sahilindəki meşə-çəmənlik zonasında yeni park salınacaq.
Bu barədə Gürcüstan hökumətinin məlumatında deyilir.
Xeber.ge xeber verir ki, bələdiyyə İnkişaf Fondu müsabiqənin qalibi olan şirkətlə layihə sənədlərinin hazırlanması barədə müqavilə bağlayıb.
Fond tərəfindən elan olunmuş tenderdə yalnız bir şirkət – "Tasxab" MMC iştirak edib və müqavilə də məhz onunla imzalanıb. Satınalma qiyməti, ƏDV daxil olmaqla, 2 049 660 lari təşkil edir. İşlərin yerinə yetirilmə müddəti 6 aydır.
Rustavinin yeni parkı necə görünəcək?
Layihəyə əsasən, uşaq meydançalarını, istirahət və asudə vaxt zonalarını, piyada, qaçış və velosiped yolları şəbəkəsini özündə birləşdirən müasir çoxfunksiyalı məkan yaradılacaq.
Bundan əlavə, mövcud gölün ətrafı abadlaşdırılacaq, pavilyonlar, məlumat mərkəzi, açıq səhnə, mədəni-maarif məkanları, su hövzələri və avtodayanacaq daxil olmaqla tikinti və memarlıq qurğuları inşa ediləcək.
"Yeni park müasir xarici işıqlandırma, suvarma və təhlükəsizlik sistemləri ilə təchiz olunacaq. Həmçinin, layihələndirmə zamanı parkın ərazidə planlaşdırılan çoxfunksiyalı komplekslə əlaqəsi də nəzərə alınacaq", – deyə fondun yaydığı məlumatda bildirilir.
Qeyd olunduğu kimi, yeni məkan sağlam həyat tərzinin təşviqinə, ictimai tədbirlərin təşkilinə, sosiallaşmaya və turizmin inkişafına töhfə verəcək.