Gürcüstanda müəllimlər üçün yeni qaydalar tətbiq olunacaq
Gürcüstanın Elm və Təhsil Nazirliyi 2026-cı ilin sentyabr ayından etibarən ümumtəhsil müəssisələrində çalışan pedaqoqlar üçün yeni sertifikatlaşdırma qaydalarını qüvvəyə mindirəcək. Yeni qaydalara əsasən, müəllimlər bir neçə fənn üzrə öz peşə kompetensiyalarını yenidən təsdiq etməli olacaqlar.
Xeber.ge xeber verir ki, təşəbbüs birbaşa müəllimlərin gəlirlərinə təsir göstərəcək.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, müvafiq imtahandan keçə bilməyən və kompetensiyasını təsdiqləməyən müəllimlərin əməkhaqqına əlavə olunan xüsusi vəsaitlər (əlavələr) dayandırılacaq. Bu isə bir çox pedaqoqunun aylıq gəlirinin əhəmiyyətli dərəcədə azalması deməkdir.
Sözügedən islahat artıq müəllim camiəsində, xüsusilə də regionlarda ciddi narazılıq və tənqidlərlə qarşılanıb. Pedaqoqların bir qismi bu addımın təhsilin keyfiyyətini artırmağa deyil, büdcə vəsaitlərinə qənaət etməyə hesablandığını iddia edir.
Regionlarda çalışan müəllimlər dəyişikliklərin onlar üçün əlavə çətinliklər yaratdığını bildirirlər.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu qaydalar təhsil sistemində kadr çatışmazlığını daha da dərinləşdirə bilər.
Təhsil Nazirliyindən isə bildirilib ki, islahatın əsas məqsədi məktəblərdə tədrisin səviyyəsini yüksəltmək və müasir standartlara cavab verən ixtisaslı kadr bazası formalaşdırmaqdır.
Hazırda imtahanların keçirilmə formatı və meyarlar üzərində işlər davam etdirilir.