Gürcüstanda müəyyən kateqoriyalı vətəndaşlar üçün güzəştli ID kart kampaniyası başladı

Aug 11, 2025 - 11:51
 0  48
Gürcüstanda müəyyən kateqoriyalı vətəndaşlar üçün güzəştli ID kart kampaniyası başladı

Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi bu gündən etibarən müəyyən kateqoriyalı vətəndaşlara şəxsiyyət vəsiqəsinin (ID kart) güzəştli qiymətlə verilməsi kampaniyasına start verib.

Aksiya 5 sentyabr tarixinədək davam edəcək.

Agentliyin məlumatına görə, kampaniyanın məqsədi vətəndaşların elektron şəxsiyyət vəsiqəsi ilə təmin olunması və seçici siyahılarının dəqiqləşdirilməsidir.

Yarım qiymətə ID kart ala biləcək şəxslər:

Heç vaxt elektron şəxsiyyət vəsiqəsi almamış yetkinlik yaşına çatmış vətəndaşlar;

Elektron şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və ya 5 oktyabradək bitəcək, lakin qüvvədə olan biometrik pasportu olmayan yetkinlik yaşına çatmış vətəndaşlar;

5 oktyabradək 18 yaşı tamam olacaq, elektron şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və ya bitəcək, lakin qüvvədə olan biometrik pasportu olmayan vətəndaşlar;

5 oktyabradək 18 yaşı tamam olacaq və elektron şəxsiyyət vəsiqəsi olmayan şəxslər.

Kampaniya çərçivəsində ID kartlar sifarişdən 10 iş günü sonra yarım qiymətə təqdim olunacaq, sənəd üçün tələb olunan fotoşəkil isə pulsuz çəkiləcək.

Müraciətlər Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin regional bölmələrində, Ədliyyə Evi filiallarında və mobil Ədliyyə Evində qəbul olunur.

mənbə: interpress