Gürcüstanda mediaya yeni qadağalar: Video və audio çəkilişlər üçün icazə tələb olunacaq

Feb 25, 2025 - 15:22
 0  61
Gürcüstanda mediaya yeni qadağalar: Video və audio çəkilişlər üçün icazə tələb olunacaq

Gürcüstan parlamentinə təqdim edilən yeni qanun layihəsinə əsasən, istər ictimai, istərsə də özəl müəssisələrdə video və audio çəkilişlər aparılarkən müvafiq qurumun səlahiyyətli şəxslərinin icazəsi tələb olunacaq.

Qanun layihəsi “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyalarının deputatları tərəfindən təqdim edilib və “Yayım haqqında” qanuna yeni maddənin əlavə edilməsini nəzərdə tutur.

Bundan əlavə, media qurumları efirə verilməzdən əvvəl materialın şəxsi həyatın məxfiliyini pozub-pozmamasına dair xüsusi yoxlama aparmaq məcburiyyətində olacaqlar. Bu əlavə şəxsi həyatın toxunulmazlığını qorumağa yönəlib.

Qanun layihəsinə əsasən, təhsil müəssisələri, xəstəxanalar, cəzaçəkmə müəssisələri, polis bölmələri və təcili yardım maşınlarında çəkiliş aparmaq üçün yalnız müəssisənin səlahiyyətli şəxslərinin deyil, çəkilişdə iştirak edən şəxslərin də icazəsi tələb olunacaq. Şəxsi yaşayış ünvanı, telefon nömrəsi və digər əlaqə məlumatlarının ictimaiyyətə açıqlanması yalnız güclü ictimai maraq olduqda mümkün olacaq. Qəzaya uğrayan və ya şəxsi faciə yaşayan şəxslərin məxfiliyinin qorunması təmin ediləcək və yalnız onların razılığı ilə yayımlanacaq. Ölən şəxslərlə bağlı materialların yayımı isə yalnız ailə üzvlərinin razılığı ilə mümkün olacaq. Hadisə qurbanlarının və ya cinayət qurbanlarının şəxsiyyətinin ifşa edilməsi yalnız onların ailə üzvləri məlumatlandırıldıqdan sonra mümkün olacaq. İctimai maraq tələb etmədikdə bu cür məlumatların yayımı qadağan olunacaq.Media qurumları, topladıqları materiallardan fərqli kontekstdə istifadə etməməlidirlər, əks halda, bu şəxsi həyatın pozulması kimi qiymətləndiriləcək.

Layihəyə əsasən, yeni tələbləri yerinə yetirmək bütün yayım şirkətləri və media platformaları üçün məcburi olacaq. Qanunun müəllifləri arasında Archil Gorduladze, Tornike Çeşişvili, Rati Yonatamişvili, Davit Matikaşvili, Guram Maçaraşvili, Aleksandre Tabatadze və Mamuka Mdinaradze kimi deputatlar var.

mənbə: Interpress