Gürcüstanda işçi qüvvəsi çatışmazlığı var
Gürcüstanda məşğulluq sektorunda ciddi işçi qüvvəsi çatışmazlığı mövcuddur və bu, ölkəyə əmək miqrasiyasının sürətlənməsinə səbəb olur.
Bunu ölkənin Baş naziri İrakli Kobaxidze parlamentdə keçirilən sorğu dinləməsində deyib.
Onun sözlərinə görə, 15 699 nəfər iş icazəsindən istifadə edir ki, bu da ümumi icazələrin 14,6%-ni təşkil edir.
Baş nazir bildirib ki, yaşayış icazəsi əsasən infrastruktur, tikinti və qonaqpərvərlik sahələrində istifadə olunur.
Kobaxidze, həmçinin əlavə edib ki, 28 363 əcnəbi daimi yaşayış icazəsindən istifadə edir, bu isə bütün yaşayış icazələrinin 26,4%-ni təşkil edir. Daimi icazələr əsasən Gürcüstan vətəndaşının həyat yoldaşı, yetkinlik yaşına çatmayan uşaqları, valideynləri və ya son 10 ildə müvəqqəti icazə əsasında ölkədə yaşayan əcnəbilərə verilir.
Baş nazir qeyd edib ki, 10 726 nəfərə daimi yaşayış icazəsi, 5 658 nəfərə isə ailə birləşməsi məqsədilə icazə verilib. O vurğulayıb ki, əmək bazarında əcnəbi işçi qüvvəsi olmadan bir çox infrastruktur və digər layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Hökumət başçısı əlavə edib ki, statistikaya əsasən, yaşayış icazəsi olan vətəndaşların 30%-i Rusiya vətəndaşlarıdır, onların böyük bir hissəsi isə əslində gürcü soyadlı keçmiş Gürcüstan vətəndaşlarıdır:
"İkinci yerdə Hindistan gəlir – 23.930 nəfərə icazə verilib, əsasən Gürcüstanda təhsil alan tələbələrdir. Azərbaycan üçüncü yerdədir – 6,3%, burada da əksəriyyətin Gürcüstanı tərk etmiş, hazırda Azərbaycan vətəndaşlığına malik və ölkəyə qayıdan azərbaycanlılar olduğu qeyd edilir".
Kobaxidze, həmçinin Gürcüstan Biznes Assosiasiyasının tədqiqatına istinad edərək bildirib ki, işçi qüvvəsinin çatışmazlığı biznesin üzləşdiyi əsas problemlərdən biridir və bu, ölkədə əmək miqrasiyasının əhəmiyyətini artırır.
mənbə: report