Gürcüstanda iki müxalif siyasətçi Dövlət Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb
Gürcüstanda iki müxalif siyasətçi – keçmiş deputat Qubaz Sanikidze və keçmiş müdafiə naziri Tina Xidaşeli Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dindirilməyə çağırılıblar.
Qubaz Sanikidze sualları yalnız məhkəmə qarşısında cavablandırmaq niyyətində olduğunu bildirib.
"Hazırda hakimin çağırışını gözləyirəm. Əlbəttə ki, hakimin qarşısında bütün suallara cavab verəcəyəm", – o deyib.
Tina Xidaşeli isə Dövlət Təhlükəsizlik Xidmətinə getməyi planlaşdırdığını, lakin dəqiq tarix müəyyən etmədiyini bildirib:
"Gedəcəyəm, amma nə vaxt olacağını hələ bilmirəm".
Məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin siyasətçilərə ünvanladığı suallar onların mediada səsləndirdiyi bəyanatlarla bağlıdır. Həmin açıqlamalarda Gürcüstanda İranın təsirinin artdığı iddia olunurdu.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə açıqlamasında bildirib ki, son günlər bəzi şəxslər Gürcüstanda digər ölkələrdən işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı, o cümlədən terrorizmə dair ittiham və işarələr səsləndiriblər.
Qurum qeyd edib ki, bu bəyanatların həm məzmunu, həm də müəlliflərin motivasiyası diqqətlə araşdırılır. Xüsusilə regionda davam edən hərbi əməliyyatlar fonunda belə iddiaların səsləndirilməsi diqqət mərkəzindədir.
Xidmətdən əlavə ediblər ki, istintaq artıq başlanılıb və açıqlamaların müəllifləri dindirilərək iddialarını təsdiqləyən konkret faktları təqdim etmək imkanı əldə edəcəklər.
mənbə: report