Gürcüstanda hərbi çağırışla bağlı yeni qayda
Bu gündən, 2026-cı il sentyabrın 1-dən Hökumətin 31 avqust tarixli "Hərbi qeydiyyatın, çağırışçıların milli hərbi xidmətinin və ehtiyat hərbi xidmətinin təşkili qaydasının təsdiq edilməsi haqqında" 2023-cü il 29 dekabr tarixli qərarına dəyişiklik edilməsi barədə qərarı qüvvəyə minib. Dəyişikliyə əsasən, orduya çağırış vərəqəsi agentliyin saytına yükləndiyi gündən 7-ci təqvim günündə təhvil verilmiş hesab olunacaq.
XEBER.GE xeber verir ki, qərara əsasən, əgər şəxs bildirişi/çağırış vərəqəsini təhvil almaqdan imtina edərsə, sənəd üzərində müvafiq qeyd aparılır və agentliyə qaytarılır. Bu halda da bildiriş/çağırış vərəqəsi təhvil verilmiş sayılır.
"Bildiriş/çağırış vərəqəsi həmçinin o halda da təhvil verilmiş hesab olunur ki, hərbi qeydiyyata alınmalı olan çağırışçının ailəsinin yetkinlik yaşına çatmış üzvü onu təhvil alsın və ya almaqdan imtina etsin. İmtina edildikdə müvafiq qeyd aparılır və agentliyə qaytarılır.
Əgər çağırışçının hərbi qeydiyyata alınması məqsədilə bildirişin/çağırış vərəqəsinin təhvil verilməsi mümkün olmazsa, yaxud SMS və ya elektron poçt vasitəsilə 2 iş günü müddətində geri əlaqə saxlanılmazsa və ya poçtla göndərmək mümkün deyilsə, Agentlik öz rəsmi veb-saytında ən geci 2-ci iş günündə çağırış bildirişini/çağırış vərəqəsini dərc edir. Bu sənəd dərc edildiyi gündən 7-ci təqvim günündə təhvil verilmiş hesab olunur. Bu halda şəxs bildirişin rəsmən təhvil verilməsindən sonra 10 təqvim günü müddətində Agentliyin müvafiq struktur bölməsinə gəlməyə borcludur", — deyə qərarda bildirilir.
Sənədə əsasən, çağırışçıların Çağırış Komissiyasına çağırılması aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
1. Texniki və ya digər rabitə vasitələri ilə (o cümlədən SMS vasitəsilə) — bu, geri əlaqə və Agentliyin tərtib etdiyi aktla təsdiqlənir;
2. Şəxsə bildirişin/çağırış vərəqəsinin təhvil verilməsi ilə — bu, şəxsin imzaladığı sənədlə, imtina etdikdə isə səlahiyyətli şəxsin imzaladığı sənədlə təsdiqlənir (çağırış vərəqəsi qeydiyyat, faktiki yaşayış, iş yerinə və ya məlum olan istənilən ünvana çatdırıla bilər);
3. Bildirişin/çağırış vərəqəsinin rəsmi saytda ictimai dərc olunması qaydası ilə.
Çağırışçı Çağırış Komissiyasına gəlmədikdə, 5 iş günü ərzində müvafiq inzibati xəta haqqında protokol tərtib olunacaq və dərhal məhkəməyə göndəriləcək. Həmçinin çağırışçı tibbi müayinədən keçmək üçün gəlmədikdə də eyni protokol tərtib ediləcək.
Bundan əlavə, əgər çağırışçı hərbi xidmətə çağırıldıqdan sonra sənəddə göstərilən yerə gəlməzsə, Agentlik müvafiq materialları hüquq-mühafizə orqanlarına təhvil verəcək.
Sənəd həmçinin hərbi hissəyə gəlməmək üçün üzürlü səbəbləri də müəyyən edir:
- Çağırışçının yaxın qohumunun (ana, ata, həyat yoldaşı, uşaq, bacı, qardaş) və ya keçmiş qəyyumunun vəfat etməsi (müvafiq sənədlə təsdiqlənməlidir);
- Təbii fəlakət və ya qarşısıalınmaz digər fors-major hallar.
Tibbi-ekspert komissiyasına gəlməmək üçün üzürlü səbəblər:
- Xəstəlik (müvafiq tibb müəssisəsi tərəfindən təsdiqlənmiş);
- Yaxın qohumun və ya qəyyumun vəfatı;
- Təbii fəlakət və ya digər fors-major hallar.
Məlumat üçün bildirək ki, Müdafiə Məcəlləsinə bu dəyişikliklərin ediləcəyi barədə aprel ayında elan edilmişdi.