Gürcüstanda bu gündən etibarən bunların satışı qadağan edildi

Apr 1, 2026 - 14:22
 0  19
Gürcüstanda bu gündən etibarən bunların satışı qadağan edildi

Gürcüstan hökumətinin qərarına əsasən, bu gündən etibarən bir sıra plastik məmulatların satışı qadağan olunub.

Qadağa plastikdən hazırlanmış çəngəl, bıçaq, qaşıq, çubuqlar, boşqablar, içki üçün borular (sorucu), qarışdırıcılar, həmçinin genişlənmiş polistirol (EPS) materialından hazırlanmış qida qabları, onların qapaqları və stəkanlara şamil edilir.

Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumatına görə, qeyd olunan məhsulların idxalı və istehsalı artıq 2026-cı il 1 yanvar tarixindən etibarən qadağan edilib.

Nazirliyin açıqlamasında bildirilir ki, 1 apreldən etibarən plastik istifadəsinin məhdudlaşdırılması ilə bağlı əlavə tənzimləmə də qüvvəyə minib.

Belə ki, dövlət satınalmalarına daxil olan qurumlara plastik stəkanların, konteynerlərin və 3 litrə qədər plastik qablaşdırmada olan içkilərin alınması qadağan edilib. Bu məhdudiyyət müdafiə qüvvələri və hərbi qulluqçular üçün həyata keçirilən dövlət satınalmalarına şamil olunmur.

Qərarın icrasına nəzarəti səlahiyyətləri çərçivəsində Milli Qida Agentliyi, Ətraf Mühitin Mühafizəsi üzrə Nəzarət Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidməti həyata keçirəcək.

Qanunvericiliyə əsasən, qaydaların pozulması 1000 lari məbləğində cərimə və məhsulun müsadirəsi ilə nəticələnəcək. Təkrar pozuntu halında isə 2000 lari cərimə və məhsulun müsadirəsi tətbiq olunacaq.

Qeyd olunur ki, bu tənzimləmə ixrac üçün istehsal olunan plastik məhsullara şamil edilmir. İxrac məqsədilə istehsal aparan şirkətlər istehsala başlamazdan ən azı bir ay əvvəl aidiyyəti quruma yazılı şəkildə məlumat təqdim etməlidirlər.

mənbə: interpress