“Gürcüstanda Almaniya səfiri yoxdur, radikal müxalifətin nümayəndəsi var”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin açıqlamalarına sərt reaksiya verib.
O, bildirib ki, Almaniyanın təhsil naziri vəzifədən getməzdən əvvəl “son jestini etdi”, lakin gələcəkdə Gürcüstan-Almaniya münasibətlərinin möhkəmlənəcəyinə ümid edir.
“Bu, artıq vəzifəsindən gedən təhsil naziridir ki, postunu tərk etməzdən əvvəl belə bir addım atdı. Ümid edirik ki, mövcud vəziyyətə baxmayaraq, gələcəkdə Almaniya ilə maksimum sıx əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, bəzi konkret bürokratlar, o cümlədən Almaniyanın hazırkı səfiri münasibətlərə mənfi təsir göstərir. Əslində, Almaniyanın Gürcüstanda səfiri yoxdur, radikal müxalifət nümayəndəsi var. Bu vəziyyət dəyişməlidir. Biz Almaniya ilə yaxın əlaqələrin bərpasında maraqlıyıq. Mövcud şərtlər dəyişdikdə və uyğun kadr qərarları verildikdə, əlaqələrimizdə irəliləyiş olacağına inanırıq,” - deyə Kobaxidze bildirib.
Xatırladaq ki, Almaniyanın Təhsil və Araşdırmalar Federal Nazirliyi Gürcüstanla elmi əməkdaşlığı dayandırıb.
“Almaniyanın Təhsil və Araşdırmalar Federal Nazirliyi Gürcüstanın akademik azadlıqları məhdudlaşdırması və Avropa İttifaqına üzvlük prosesinin dondurulması səbəbindən Gürcüstan-Almaniya elmi əməkdaşlığını dayandırıb. Bu, tələbə mobilliyi, tədqiqat və Gürcüstanın Aİ proqramlarında iştirakına da aiddir,” - deyə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib.
mənbə: Interpress