Gürcüstan əhalisinin sayı açıqlanıb
Gürcüstanda 2024-cü il üzrə əhalinin siyahıyaalınmasının ilkin nəticələri elan olunub.
Ölkənin Milli Statistika İdarəsi – Geostat-ın məlumatına əsasən, 2024-cü il noyabrın 14-nə olan vəziyyətə görə, ölkə əhalisinin sayı 3 milyon 914 min nəfər təşkil edib.
Əhalinin 2 milyon 78 min nəfəri (təxminən 53%) qadınlar, 1 milyon 836 min nəfəri (47%) isə kişilərdir.
Geostat-ın açıqlamasına görə, əhalinin 62 faizi (2 milyon 423 min nəfər) şəhərlərdə, 38 faizi (1 milyon 491 min nəfər) isə kənd yerlərində yaşayır. Regionlar üzrə baxıldıqda, Tbilisi istisna olmaqla, şəhər tipli yaşayış məntəqələrində ən yüksək pay Acarıstana aiddir (66%).
Əhalinin şəhərdə yaşama göstəricisi Mtsxeta-Mtianetidə 20%, Kaxetidə 21%, Raça-Leçxumi və Kvemo Svanetidə isə 24% təşkil edir.
Siyahıyaalmanın nəticələrinə görə, Tbilisidə Gürcüstan əhalisinin 34%-i yaşayır. Əhalinin sayına görə ikinci yerdə İmereti (12,9%), üçüncü yerdə isə Kvemo Kartli (11,2%) qərarlaşıb.
mənbə: report