Gürcüstan vətəndaşları pasportu skan etməklə ölkəyə daxil ola biləcəklər

Kutaisi beynəlxalq hava limanında sərhəd nəzarətinin avtomatlaşdırılmış sistemi sınaq rejimində fəaliyyətə başlayıb.
Gürcüstan Hava Limanları Birliyinin məlumatına görə, artıq Gürcüstan vətəndaşları pasportu skan etməklə ölkəyə daxil ola biləcəklər. Yeni sistem vasitəsilə sərhəddən keçid vaxtı əvvəlki 40 saniyədən 18 saniyəyədək azaldılıb.
Hazırda sərhəd nəzarəti sistemi test mərhələsindədir və oktyabr ayından tam fəaliyyət göstərəcək. Bu mərhələdə 7 elektron qapı işlək vəziyyətdədir.
Bununla yanaşı, Birlik açıqlayıb ki, hava limanında istənilən tip təyyarəni qəbul etməyə imkan verəcək yeni uçuş-enmə zolağı 2026-cı ildə istifadəyə veriləcək.
Dekabr ayında isə hava limanında 70 qonaq üçün nəzərdə tutulmuş ikimərtəbəli yeni biznes-zal açılacaq. Planlara müasir təhlükəsizlik skanerlərinin quraşdırılması, həmçinin sərnişinlərin öz-özünə qeydiyyat və təmassız baqaj təhvil sisteminin tətbiqi də daxildir.
mənbə: az.shafaqna