DTX-dən əməliyyat: Terror barədə yalan məlumat yayan şəxs saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi ölkə ərazisində terror aktları barədə yalan xəbərlər yayan şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib.
Xeber.ge xəbər verir ki,
DTX-nin bəyanatında bildirilir ki, son vaxtlar müxtəlif şəhərlərdəki dövlət qurumlarına, məktəblərə, ictimai toplantı yerlərinə və təşkilatlara bombaların yerləşdirilməsi və ya mümkün partlayışlar barədə çoxsaylı anonim hədə-qorxu ismarıcları daxil olub.
Məlumatların müəllifləri öz izlərini itirmək üçün müasir texnologiyalardan - IP ünvanlarını gizlədən vasitələrdən, sosial şəbəkələrdən və səs dəyişdirən proqramlardan istifadə ediblər.
Axtarışlar nəticəsində şübhəli şəxslərdən mobil telefonlar, kompüterlər, yaddaş kartları və digər elektron məlumat daşıyıcıları götürülüb. Hazırda bir neçə digər şəxs barəsində də istintaq tədbirləri davam etdirilir və müvafiq sübutlar əldə edildikdən sonra onların barəsində də hüquqi tədbirlər görüləcək.
Qurum vurğulayır ki, daxil olan bütün anonim ismarıclar yoxlanılıb, lakin heç bir halda real təhlükə faktı təsdiqini tapmayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin "Terrorizm barədə yalan məlumat vermə" maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.