Gürcüstan Parlamentində “Gender” terminindən imtina edilir – Qanunvericiliyə dəyişikliklər təsdiqləndi

Parlamentin İnsan Hüquqları Komitəsi ölkənin qanunvericiliyindən “gender” termininin çıxarılmasını və gender bərabərliyi şuralarının ləğv edilməsini dəstəkləyib.
“Gürcü Arzusu” və “Xalqın Gücü” partiyalarının deputatları tərəfindən təqdim olunan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Parlament komitəsində heç bir sual və irad bildirilmədən layihə təsdiq edilib.
Komitə sədri Rati İonatamişvilinin sözlərinə görə, bu dəyişikliklər konstitusiya standartlarına uyğunlaşdırmaq məqsədi daşıyır və kişilərlə qadınların bərabərliyini təmin etməyə yönəlib. Onun fikrincə, hökumət üçün əsas prioritet məhz bu prinsipin qorunmasıdır.
Yeni qanunvericiliyə əsasən, Gürcüstan parlamentində, bələdiyyələrdə və muxtar respublikaların nümayəndəlik orqanlarında gender bərabərliyi şuraları ləğv ediləcək. Qanunlardan gender bərabərliyi şuralarının fəaliyyəti ilə bağlı bütün müddəalar çıxarılacaq.
Bundan əlavə, Gürcüstanın bütün qanunvericilik sənədlərindən “gender” və “gender kimliyi” terminləri çıxarılacaq. “Gender bərabərliyi haqqında” qanunun adı dəyişdirilərək “Kişi və qadınların bərabərliyi haqqında” qanun adlanacaq.
Yeni layihəyə əsasən:
• “Gender məsələləri” ifadəsi “Kişi və qadınların bərabərliyi məsələləri” ilə əvəz ediləcək;
• “Gender ayrı-seçkiliyi” termini “Kişi və qadın bərabərliyinə qarşı ayrı-seçkilik” olaraq dəyişdiriləcək;
• “Gender həssaslığı” ifadəsi isə “Cinsiyyət həssaslığı” ilə əvəz olunacaq.
Layihənin izahat vərəqəsində bildirilir ki, “gender” termini xarici təsirlərin nəticəsi olaraq Gürcüstan qanunvericiliyinə daxil edilib və bu, ölkə üçün bəzən çətinliklər yaradıb. Gürcüstan hakimiyyətinin fikrincə, bu dəyişikliklər beynəlxalq tendensiyaların mənfi təsirlərinin qarşısını almağa yönəlib.
Qanun layihəsinin müəllifləri arasında aşağıdakı parlament üzvləri var: Arçil Gordulaidze, Tornike Çeişvili, Rati İonatamişvili, David Matikaşvili, Quram Maçarashvili, Aleksandre Tabatadze, Tengiz Şarmanashvili, Aluda Quduşaşvili, Viktor Jafaridze, Sozar Subari, Nodar Turdzelaidze, İrma Zavradişvili, Levan Maçavariani, Ramina Beradze, İrakli Kirçxalia, Salome Jinjolava, Tornike Berekaşvili, Henrieta Çiçaşvili və Mamuka Mdinaradze.
mənbə: Interpress