Gürcüstan hökuməti Rusiyanın enerji şirkətinə kompensasiya ödəməyə başlayıb
Gürcüstan hökuməti Rusiyanın “İnter RAO” enerji şirkətinə kompensasiyanı ödəməyə başlayıb.
Transfer ötən ilin dekabrın 31-də həyata keçirilib.
Kompensasiyanın ümumi həcmi 139 milyon ABŞ dolları təşkil edir. Gürcüstan tərəfi bu məbləği 2028-ci ilin iyulun 10-dək tam ödəməlidir.
Gürcüstan hökumətindən bildirilib ki, “İnter RAO” şirkətinə ödənilən kompensasiya ölkə iqtisadiyyatına və əhalisinə mənfi təsir göstərməyəcək.
Qeyd edək ki, 2011-ci ilin martın 31-də “İnter RAO” və Gürcüstanın o zamankı hökuməti arasında imzalanmış memoranduma əsasən, Gürcüstan tərəfi şirkətə 15 il ərzində elektrik enerjisi tariflərinin dəyişməyəcəyi ilə bağlı zəmanət verib. Lakin 2014-cü ildə Gürcüstanda elektrik enerjisi tariflərinin hesablanması metodologiyasının dəyişdirilməsi barədə qərar qəbul edilib.
2016-cı ildə “İnter RAO” Gürcüstan hökumətinə müraciət edərək tarifləri dəyişməyi xahiş etsə də, imtina cavabı alıb və 2017-ci ildə Gürcüstan hökumətini arbitraj məhkəməsinə verib. Şirkət Gürcüstanda elektrik enerjisi tariflərinin dəyişdirilməsi səbəbindən zərərlə üzləşdiyini bildirib. Gürcüstan hökuməti iki paralel arbitraj mübahisəsində Rusiya şirkətinə uduzub.
mənbə: apa