Gürcüstan BBC-yə qarşı: Tbilisidəki etirazlar haqqında saxta süjetlə bağlı şikayət hazırdır

Jan 8, 2026 - 20:11
 0  6
Gürcüstan BBC-yə qarşı: Tbilisidəki etirazlar haqqında saxta süjetlə bağlı şikayət hazırdır

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Gürcüstan tərəfi 2024-cü ilin sonunda hakimiyyətin etirazçılara qarşı guya kimyəvi vasitələrdən istifadə etməsi barədə süjetə görə Britaniyanın BBC yayım korporasiyasına qarşı şikayət hazırlayıb.

Xeber.ge xeber  verir ki, BBC jurnalist araşdırmasının nəticələrini dərc edərək iddia edib ki, 2024-cü ildə Tbilisidə etirazların yatırılması zamanı hakimiyyət guya "kamit" maddəsindən istifadə edə bilərdi. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti araşdırma apararaq sübut edib ki, Gürcüstan Daxili İşlər Nazirliyi bromobenzilsianid, yəni "kamit" (qadağan olunmuş kimyəvi maddə - red.) almayıb və etirazçılara qarşı tətbiq etməyib.

"Yaxın günlərdə biz BBC-nin daxili tənzimləyici orqanına şikayət təqdim edəcəyik. Ümid edirik ki, bu səviyyədə korporasiya süjetin saxtalaşdırıldığını və manipulyasiya xarakteri daşıdığını etiraf edəcək. Əgər bu baş verməsə, biz digər instansiyalara müraciət edəcəyik", – deyə Papuaşvili bildirib.

"Hələlik məzmunu öncədən müzakirə etməyi planlaşdırmırıq. O, ictimaiyyətə açıqlananda məlum olacaq", – deyə Papuaşvili əlavə edib.

Parlament spikerinin sözlərinə görə, növbəti instansiyalar Britaniyanın tənzimləyici komissiyası və məhkəmələr, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi ola bilər.