“Gürcü Arzusu” tənqidi televiziyaları "arzuolunmaz" terminlər işlətdikləri üçün şikayət edir

Jun 3, 2025 - 12:50
 0  14
“Gürcü Arzusu” tənqidi televiziyaları "arzuolunmaz" terminlər işlətdikləri üçün şikayət edir

“Gürcü Arzusu” “Formula” və “TV Pirveli”yə qarşı Kommunikasiya üzrə Milli Komissiyaya şikayət təqdim edib



“Gürcü Arzusu” partiyası “Formula” və “TV Pirveli” telekanallarını “qanunsuz parlament”, “oliqarx rejimi”, “rejimin məhbusları”, “qanunsuz hakimiyyət”, “klan məhkəməsi” kimi ifadələrə görə şikayət edib.

“Formula”nın məlumatına görə, “Gürcü Arzusu” “Yayım haqqında” qanunun bir sıra normalarının pozulmasını iddia edir və qanunda müəyyən edilmiş yeni normaların pozulmasına görə “Formula”nın məsuliyyətə cəlb edilməsini, eləcə də sanksiyaların tətbiqi üçün müvəqqəti mexanizmin işə salınmasını tələb edir.
Şikayətdə telekanalın xəbər buraxılışları və sosial media paylaşımlarından parçalar yer alır. Kommunikasiya üzrə Milli Komissiyanın iddiasına görə, həmin materiallarda qanun pozuntularına yol verilib.

Sənəddə qeyd olunur ki, “Gürcü Arzusunun” şikayəti Milli Komissiya tərəfindən araşdırılmalı və müəyyən edilməlidir: “Formula” qanunu pozub, ya yox.
Şikayətin hüquqi əsasları kimi “Yayım haqqında” Gürcüstan qanununun 54-cü, 59¹-ci və 76-cı maddələri göstərilir.

Xüsusilə vurğulanan terminlər bunlardır: “qanunsuz parlament”, “adlandırılan parlamentin sədri”, “oliqarxın deputatı”, “rejimin şəhər məhkəməsi” və s. Şikayətdə dəfələrlə “rejimin məhbusu”, “rejimin nümayəndəsi” kimi ifadələrə rast gəlinir.

“Gürcü Arzusu” həmçinin “Formula” telekanalının Bidzina İvanişvilini “oliqarx” adlandırmasına görə də şikayət edir.

“TV Pirveli”yə qarşı şikayətdə isə bildirilir ki, jurnalist “rejim”, “ruslaşdırma”, “klan məhkəməsi” kimi terminlərdən istifadə etməməliydi.

TV Pirveli-nin hüquqşünası Tornike Miginaişvili sosial mediada yazır:
“Bu, tənqidi mediaya qarşı repressiv dalğanın yeni mərhələsidir. Televiziyanın dəfələrlə cərimələnməsi və maliyyə sanksiyaları yayımın dayandırılması riskini yaradır. Şikayət bu cümə axşamı açıq müzakirəyə çıxarılacaq.”

TV Pirveli-nin xəbər xidməti rəhbəri Nodar Meladze isə “Netgazet”ə bildirib:

“Gürcü Arzusu” təkcə qanuni mexanizmlə deyil, reklam bazarına da hücum edib. Əvvəllər bizimlə əməkdaşlıq edən bir çox şirkət indi reklam yerləşdirməkdən imtina edir. Hətta 31 dekabradək müqaviləmiz olan böyük bir yerli brend bu əməkdaşlığı ortada dayandırdı. Aydındır ki, artıq bu təzyiq mexanizmini də işə salıblar. Halbuki TV Pirveli-nin reytinqləri yüksəlməkdədir, tarixi maksimuma çatmışıq. Belə bir vaxtda tərəfdaşlar niyə reklam vermək istəməsin?”

O əlavə edib:
“Sabah qanunun tətbiqi ilə bağlı necə davranacaqlarını görəcəyik. Biz də düşünməliyik ki, həqiqəti tamaşaçıya necə çatdıraq və televiziyamızı necə qoruyaq.”
Qeyd edək ki, “Gürcü Arzusu” parlamenti “Yayım haqqında” qanuna dəyişiklikləri 1 aprel tarixində qəbul edib. Dəyişikliklər yayımçıların maliyyələşmə qaydaları və iş prinsiplərini tənzimləyir.

Maliyyələşmə yasağı “xarici qüvvələrdən” birbaşa və dolayı vəsait alınmasını qadağan edir. İş prinsipləri ilə bağlı isə hakim partiya “Britaniya modeli”nin tətbiqini və obyektiv məlumat təqdimatını vəd edir. Əvvəllər medianın öz-özünü tənzimlədiyi məsələlər artıq qanunla tənzimlənəcək.
Yayımçının davranış kodeksində yer alan müddəalar da bu qanuna daxil edilib.

mənbə: marneulifm