Güclü yağıntı Tbilisidə infrastruktura ziyan vurdu-VİDEO
Güclü yağış Tbilisi şəhərinin bir neçə məhəlləsində ciddi problemlər yaradıb. Qısa müddətdə düşən bol yağıntı nəticəsində küçələri su basıb və bəzi ərazilərdə avtomobillərin hərəkəti kəskin şəkildə çətinləşib.
XEBER.GE xəbər verir ki, gecə boyunca paytaxtın müvafiq xidmətləri gücləndirilmiş iş rejimində çalışıblar:
"Tbilservis" xidməti, yerli icra hakimiyyəti (qamgeoba) orqanları və Patrul Polisi gecə boyunca səfərbər olunub.
Aparılan təmizləmə və fəsadların aradan qaldırılması işləri nəticəsində hazırda şəhər üzrə nəqliyyatın hərəkəti tam bərpa edilib.
Tbilisi meriyası yaranmış problemlərin aradan qaldırılması üçün intensiv iş aparır. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Tbilisi meri Kaxa Kaladze bildirib:
"Çox güclü yağış yağdı, qısa müddət ərzində həddindən artıq çox yağıntı düşdü. Müəyyən məhəllələrdə problemlər yarandı, infrastruktura ziyan dəyib, konkrət yol sahələri sıradan çıxıb. Qaynar xəttə daxil olan zənglərə gəlincə, hər kəsin ünvanına çatacağıq və köməklik göstərəcəyik, heç bir insan diqqətdən kənarda qalmayacaq".