“Georgian Airways” Tbilisidən Romaya birbaşa uçuşlara başlayıb
“Georgian Airways” aviaşirkəti Tbilisidən İtaliyanın paytaxtı Roma istiqamətində birbaşa uçuşlara start verib.
İlk birbaşa reys bu gün, Tbilisi Beynəlxalq Aeroportundan həyata keçirilib.
Yay naviqasiya mövsümündə Tbilisidən Roma-Fyumicino hava limanına birbaşa reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Tbilisi–Roma–Tbilisi reysinin açılışı münasibətilə Tbilisi Beynəlxalq Aeroportunda tədbir keçirilib. Tədbirdə “Georgian Airlines Group”un baş direktoru İrakli Mezvirişvili, İtaliyanın səfiri Massimiliano D’Antuono, Xarici İşlər nazirinin müavini Aleksandre Gvtsiaşvili, Gürcüstan Hava Limanları Birliyinin direktoru Levan Moseşvili, Mülki Aviasiya Agentliyinin rəhbəri Givi Davitaşvili və “TAV Georgia”nın baş meneceri Tea Zakaradze çıxış ediblər.
Tədbirdə həmçinin “Georgian Airways” rəhbərliyi, “Saqaeronaviqasiya”nın baş direktoru Goça Mezvirişvili və Mülki Aviasiya Agentliyi ilə Hava Limanları Birliyinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində şirkət rəhbərliyi və qonaqlar, yerində olan ekipaj üzvlərini 26 aprel – Beynəlxalq Pilotlar Günü münasibətilə təbrik ediblər.
Hazırda “Georgian Airways” artıq İtaliyanın Milan və Forli şəhərlərinə də birbaşa reyslər həyata keçirir. Milan istiqamətində müntəzəm reyslər həftədə üç dəfə, 24 apreldən isə Forli istiqamətində həftədə bir dəfə həyata keçirilir.
Beləliklə, İtaliya istiqamətində hər gün uçuşlar mövcuddur:
- Həftədə 3 dəfə Milan,
- Həftədə 2 dəfə Roma,
- Həftədə 1 dəfə Forli.
Bundan əlavə, yay naviqasiya mövsümündə “Georgian Airways” Avropanın digər istiqamətlərinə də birbaşa uçuşları davam etdirəcək: Paris, Nitsa, Vyana, Amsterdam, Berlin və Larnaka şəhərlərinə.
Qeyd olunub ki, “Georgian Airways” Avropa istiqamətlərinə birbaşa uçuşları günorta saatlarında yerinə yetirir ki, bu da sərnişinlər üçün xüsusilə rahatdır. Standart aviabiletlərə baqajın daşıma haqqı da daxildir.
mənbə: interpress