Fransada nadir kitabları oğurlayan Gürcüstan vətəndaşlarına hökm oxunub
Paris məhkəməsi, Fransa kitabxanalarından nadir kitabları, o cümlədən şair Aleksandr Puşkinin əsərlərinin yer aldığı nəşrləri oğurladıqlarına görə Gürcüstan vətəndaşlarını 7 ilədək müddətə azadlıqdan məhrum edib.
XEBER.GE xeber verir ki,
İyunun 9-da Paris məhkəməsində Fransa kitabxanalarından nadir kitabların oğurlanması işi üzrə Gürcüstan vətəndaşlarının mühakiməsi başlanıb. Söhbət 2023-cü ildə Fransa kitabxanalarında törədilmiş cinayətlərdən gedir.
Oxşar kitab oğurluqları Almaniya, Çexiya və İsveçrə kitabxanalarında da qeydə alınıb. Bundan sonra Avropol və Avroyust çərçivəsində birgə istintaq qrupu yaradılıb və 2024-cü ildə bir neçə nəfər həbs edilib.
Paris məhkəməsi altı təqsirləndirilən şəxsi cinayət törətmək məqsədilə əlbir olmaqda təqsirli bilib. Onlardan bir neçəsi həmçinin mədəniyyət obyektini oğurlamaqda da günahkar elan edilib.
"Le Monde" yazır ki, onlardan ikisinə qiyabi hökm oxunub, çünki onlar artıq Gürcüstanda həbsdədirlər. Digər iki təqsirləndirilən şəxs – Mixeil Zamtaradze və Beka Tsirekidze isə başqa ölkələrdə də analoji cinayətlərə görə məhkum olunublar və müvəqqəti olaraq Fransaya ekstradisiya ediliblər.
50 yaşlı Mixeil Zamtaradze maksimal cəza – yeddi il müddətinə azadlıqdan məhrum edilib və deportasiya olunduqdan sonra onun Fransaya girişi ömürlük qadağan olunub. Zamtaradze ötən il Litvada da üç il dörd ay müddətinə həbs cəzasına məhkum edilmişdi.
Estoniyada üç il altı ay müddətinə azadlıqdan məhrum edilən 49 yaşlı Beka Tsirekidze isə əlavə olaraq dörd il həbs cəzası alıb. Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslərin törətdiyi cinayət "genişmiqyaslı və mütəşəkkil xarakter" daşıyıb.
2024-cü ilin aprelində Gürcüstan Prokurorluğu da Avropa İttifaqı ölkələrinin kitabxanalarından baha qiymətli kitabların oğurlanması ilə bağlı bir neçə şəxsin həbs olunduğunu elan etmişdi. Həmin vaxt Gürcüstan tərəfi Fransa, İsveçrə və Litvanın səlahiyyətli orqanlarının iştirakı ilə böyük transmilli cinayətin üstünün açıldığını bəyan etmişdi. 2025-ci ilin yanvarında Tbilisi Şəhər Məhkəməsi beş nəfəri Avropa kitabxanalarından baha qiymətli kitabları oğurlamaqda təqsirli bilib.