DTX rəisinin keçmiş müavini kabinetində rüşvət alarkən tutulub

May 23, 2026 - 15:01
May 23, 2026 - 15:59
 0  19
DTX rəisinin keçmiş müavini kabinetində rüşvət alarkən tutulub

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX - "SUS") rəisi Qriqol Liluaşvilinin sabiq müavini Levan Axobadze məhkəmə zalında sükutu pozub.

Xeber.ge xeber  verir ki, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilən DTX-nın keçmiş yüksək rütbəli məmuru hakim qarşısında sensasiyalı bəyanatla çıxış edərək bu həbsi çoxdan gözlədiyini bildirib.

  Məhkəmə iclasında söz verilən Levan Axobadze ona qarşı xüsusi əməliyyatın qabaqcadan planlaşdırıldığını iddia edib:

"Bu tamaşa, bu təqdimat artıq uzun müddətdir ki, hazırlanır və davam edirdi. Mən həbs olunacağımı qabaqcadan dəqiq bilirdim.

İstintaq dövründə şahidlərə hər hansı bir təzyiq göstərməmişəm, çünki həmin insanlar özləri də baş verən bu hadisəyə görə çox təəssüflənirlər və narahatdırlar".

  Levan Axobadze hüquq-mühafizə orqanları tərəfindən səhər saatlarında keçirilən xüsusi əməliyyatla saxlanılıb və gecə saatlarında ona qarşı rəsmi ittiham irəli sürülüb.

DTX-nın yaydığı rəsmi bəyanata görə, Axobadze bir sahibkardan rəsmi olaraq 250 000 lari məbləğində rüşvət tələb edib və həmin pulu DTX-nın mərkəzi binasında, öz xidməti kabinetində şəxsən qəbul edib.

  Məsələnin ən diqqətçəkən kuluar detalı isə DTX və Baş Prokurorluğun yaydığı rəsmi bəyanatlar arasındakı ciddi fərqdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin ilkin açıqlamasında bu rüşvət sövdələşməsindən DTX-nın hazırkı rəisi Qriqol Liluaşvilinin də tam məlumatlı olduğu birbaşa qeyd edilsə də, Baş Prokurorluğun rəsmi ittiham aktında Liluaşvilinin adı və soyadı tamamilə kənarda saxlanılıb və sənəddən çıxarılıb.

Saxlanılan sabiq yüksək rütbəli məmura qarşı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin "e" bəndi ilə (vəzifəli şəxs tərəfindən öz xidməti nüfuzundan istifadə etməklə xüsusilə külli miqdarda rüşvət tələb edilməsi və alınması) rəsmi ittiham irəli sürülüb.

Bu maddənin sanksiyası üzrə Levan Axobadzeni 11 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Prokurorluq qətiimkan tədbiri olaraq məhkəmədən onun barəsində həbs qərarının çıxarılmasını tələb edib.