Dövlət nümayəndəsinin müavini 400 min dollarlıq rüşvət almaqda ittiham olunur
Gürcüstan Baş Prokurorluğu Duşeti, Tianeti, Mtsxeta və Kazbeqi bələdiyyələrində dövlət nümayəndəsinin müavinini çox böyük məbləğdə rüşvət almaqda ittiham edib.
Bu barədə prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, vəzifəli şəxs əcnəbi vətəndaşa kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin statusunu qeyri-kənd təsərrüfatı təyinatına dəyişdirəcəyini vəd edib. Bunun müqabilində o, 400 000 ABŞ dolları məbləğində rüşvət tələb edib. 5 sentyabrda isə tələb olunan məbləğin bir hissəsini – 80 000 ABŞ dollarını alıb.
Məqsədli əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən həyata keçirilib. Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi ilə – xüsusilə böyük məbləğdə rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. Bu ittiham 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Baş Prokurorluq yaxın günlərdə məhkəmədən şübhəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək.
mənbə: interpress