Daha bir "Son zəng" qəzası: Məzunların karvanındakı avtomobil treylerlə çırpılıb, 5 yaralı var
Gürcüstanın Kaxeti regionunda məktəblilərin "Son zəng" günü növbəti ağır yol-nəqliyyat hadisəsi qeydə alıb.
Xeber.ge xeber verir ki, hadisə Qurcaani bələdiyyəsinin Vaçnadziari kəndi yaxınlığında baş verib.
İlkin məlumatlara görə, "Son zəng" bayramı münasibətilə təşkil olunmuş avtomobil karvanında (kortejdə) hərəkət edən "Opel" markalı minik avtomobili mərkəzi magistralda böyük tutumlu yük avtomobili (treyler) ilə toqquşub.
Qəza baş verən zaman avtomobil karvanında Axaşni kənd dövlət məktəbinin 12-ci sinif məzunları, onların valideynləri və yaxınları regional magistral yolda hərəkətdə olublar.
Güclü çırpılma nəticəsində ilkin məlumatlara görə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən dərhal xəstəxanaya çatdırılıb.
Baş vermiş qəza səbəbindən mərkəzi yolda nəqliyyatın hərəkətində ciddi sıxlıq və ləngimələr yaranıb.
Hazırda Tsinandali kəndindən Vaçnadziari kəndi istiqamətinə doğru avtomobillərin hərəkəti müvəqqəti olaraq iflic olub.
Hadisə yerinə patrul polisi cəlb edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi (nəqliyyat vasitələrinin hərəkət və ya istismar qaydalarını pozma) ilə cinayət işi açılıb. Bu maddə qanun pozucusunun cərimələnməsini, 6 aydan 2 ilədək müddətə ev dustaqlığını və ya 3 ilədək müddətə azadlıqdan məhrum edilməsini (müvafiq hüquqlardan məhrum edilməklə və ya edilmədən) nəzərdə tutur.