Saakaşvilinin həbsindən 5 il sonra şok etirafları
Həbsindən beş il sonra Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sükutu pozaraq ilk dəfə böyük bir xəyanətin qurbanı olduğunu bəyan edib.
Xeber.ge xeber verir ki, məhkəmə zalında gizli qalan faktları açan eks-prezident Ukraynadan Gürcüstana uzanan gizli yollardan iki dəfə keçdiyini və onun azadlıqdan dəmir barmaqlıqlar arxasına düşməsinin arxasında cəmi bir nəfərin dayandığını bildirib.
Mixail Saakaşvilinin sözlərinə görə, o, Gürcüstana rəsmən bilindiyindən qat-qat əvvəl qayıtmağı planlaşdırıb.
Eks-prezident ilk dəfə bunun üçün xüsusi yaxta kirayələdiyini və ölkəyə dəniz yolu ilə daxil olmağa çalışdığını etiraf edib:
"Mən yaxta ilə Batumi sahillərinə qədər gəldim. Lakin tam sahildə olanda azadlığımın təhlükədə olduğunu, planın artıq sızdırıldığını öyrəndim.
Məni satan şəxs hökumətə məlumat ötürmüşdü. Buna görə də yaxta istiqamətini dəyişərək geri qayıtmalı oldu".
Üçüncü prezident qeyd edib ki, onun Gürcüstana gəlişi ilə nəticələnən ikinci və sonuncu cəhdi də məhz həmin şəxslə birlikdə planlaşdırılıb. O, ölkəyə gizli daxil ola bilib, hətta Batumidə video qeyd apararaq xalqa artıq vətəndə olduğunu elan edib.
Lakin bu videonun yayılmasından cəmi bir neçə saat sonra o, Tbilisidə xüsusi əməliyyatla həbs olunub. Saakaşvilinin iddiasına görə, onun gizləndiyi yeri dəqiq iki saat ərzində xüsusi xidmət orqanlarına məhz həmin "etibarlı" şəxs nişan verib.
Mixail Saakaşvili həm eks-prezidentə, həm də eyni zamanda Gürcüstan xüsusi xidmət orqanlarına işləyən bu şəxsin ad və soyadını hələlik açıqlamayıb.
Həmin şəxs barədə məlum olan yeganə detal budur ki, o, Saakaşvilinin qayıtması üçün uzun müddət "səy göstərib", davamlı olaraq Ukraynaya gedərək eks-prezidenti onun təhlükəsizliyini tam qoruyacağına inandırıb.
"Kimsə Saakaşviliyə xəyanət etdimi?" sualı əslində uzun illərdir onun rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" partiyasını da daxildən sarsıdır.
Partiya kuluarlarında eks-prezidentin qayıdışından əvvəl kimlərlə təmasda olduğu və onu kimin qurban verə biləcəyi ilə bağlı bəzi şübhəli adların dövr etdiyi bildirilir.
Məhkəmədə bu etirafları ilk dəfə eşidən partiya üzvləri və tərəfdarları hesab edirlər ki, bu, sadəcə böyük bir zəncirin başlanğıcıdır və yaxın günlərdə Gürcüstan siyasətini lərzəyə salacaq satqın şəxsin adı rəsmən ifşa olunacaq.