Gürcüstanda sürücülük vəsiqəsi imtahanları yüngülləşdirilir
Gürcüstanda sürücülük vəsiqəsinin alınması qaydaları və imtahan barı qanunnaməsi namizədlərin xeyrinə dəyişdirilir.
Xeber.ge xeber verir ki, Gürcüstanın Daxili İşlər naziri Sulxan Tamazaşvili həm nəzəri, həm də praktiki imtahanlarda keçid meyarlarını yüngülləşdirən xüsusi fərman imzalayıb.
Dəyişikliklərin əsas hissəsi bu il iyunun 15-dən etibarən qüvvəyə minəcək.
İyunun 15-dən etibarən "B" kateqoriyası və "B1" altkateqoriyası üzrə sürücülük hüququ almaq istəyən namizədlər 30 dəqiqəlik elektron test imtahanında təqdim olunan 30 sualdan ən azı 25-nə düzgün cavab verməklə mərhələni keçə biləcəklər. Qeyd edək ki, bura qədər qüvvədə olan qaydaya əsasən, namizədin cəmi 3 səhv etmək hüququ var idi (keçid balı 27 idi). Yeni qayda ilə icazə verilən səhv sayı 5-ə qaldırılıb.
"B" kateqoriyası üzrə praktiki imtahanın ikinci mərhələsində (şəhər daxili sürüş) namizədin edə biləcəyi yüngül xətaların limiti 12-dən 15-ə qaldırılıb. Əvvəlki qaydalara görə, 12-ci yüngül səhv birbaşa imtahanın kəsilməsi (ağır xəta) ilə nəticələnirdi. Yeni qaydaya əsasən, namizəd 14 yüngül səhv etsə də imtahana davam edəcək, yalnız 15-ci xətada imtahan dayandırılacaq.
Yeni qərara əsasən, praktiki sürüş zamanı imtahan götürən şəxs (inspektor) namizədə buraxdığı yüngül səhvi düzəltmək və ya müvafiq bacarığı yenidən nümayiş etdirmək üçün ağlabatan vaxt və şans verəcək. İnspektor sərbəst nitq forması ilə namizədə yönləndirici bildirişlər (məsələn: "Xahiş edirəm, yola çıxmağa hazırlığınızı bir daha yoxlayın") təqdim edə biləcək. Həmçinin, inspektorun imtahan avtomobilini saxlamaq və ya namizədə maşını saxlamaq barədə göstəriş vermək hüququ olacaq. Səhvlər yalnız bu xəbərdarlıqdan sonra xəta aradan qaldırılmadıqda qeydə alınacaq.
DİN-in Xidmət Agentliyi praktiki imtahanın ikinci mərhələsi üçün növbə yerlərinin namizədlər arasında bərabər və ədalətli bölüşdürülməsini təmin etmək məqsədilə xüsusi metodologiya/alqoritm tətbiq edəcək. Bu intellektual sistem namizədlərin bazasını analiz edərək prioritetlər (məsələn: ilk dəfə imtahana çıxanlar, daha az cəhd edənlər, sistemdə uzun müddətdir növbə gözləyənlər və s.) əsasında yerlərin onlayn bron edilməsini idarə edəcək.