"Burada 'Deep State' Tramp administrasiyasına qalib gəldi, mübarizə davam edir"

May 8, 2025 - 12:39
 0  31
"Burada 'Deep State' Tramp administrasiyasına qalib gəldi, mübarizə davam edir"

"Gürcü Arzusu" hökumətinin başçısı və partiyanın sədri İrakli Kobaxidze bildirib ki, ABŞ Nümayəndələr Palatası tərəfindən "MEGOBARI Aktı"nın qəbul edilməsi "bu konkret halda" Donald Tramp administrasiyası üzərində "Deep State"-in (Dərin Dövlət) qələbəsi idi, lakin "mübarizə davam edir".


İrakli Kobaxidze bu barədə 7 may tarixində, partiyanın qurultayından sonra jurnalistlərə müsahibəsində bildirib və konqresin aşağı palatası tərəfindən qəbul edilmiş aktı “düşmənçilik aktı” adlandırıb. O bildirib: “Tramp və Deep State arasında mübarizə davam edir. Belə bir qərar qəbul olunanda bu, həmin anda Deep State-in Tramp administrasiyası üzərində üstünlük qazandığını göstərir. Bu, bir neçə gün əvvəl baş verdi”.
Jurnalistlərin dəqiqləşdirici sualına cavab olaraq əlavə edib:
“Biz əvvəldən bir şeyi deyirdik və indi də deyə bilərik – hələ də optimist gözləntilərimiz var ki, Tramp administrasiyası Deep State-i məğlub edəcək. Belə olarsa, Gürcüstanla ABŞ arasında münasibətlər düzələcək”.
Jurnalistlərin qeydinə ki, “MEGOBARI Aktı”na Respublikaçılar Partiyasının bir sıra üzvü də dəstək verib, Kobaxidze belə cavab verib: “Onlar Deep State-in təsiri altındadırlar. Elə insanlar var ki, onlar prezident Trampın deyil, Deep State-in təsiri altındadırlar. Məsələn, Co Uilson başdan-ayağa Deep State-in adamıdır”.
O, əlavə edib ki, “sanksiya bir növ komplimentdir”.

• 6 mayda ABŞ Konqresinin Aşağı Palatası (Nümayəndələr Palatası) ikipartiyalı dəstəklə “MEGOBARI Aktı”nı qəbul etdi – 349 lehinə, 42 əleyhinə səs toplandı (80%-lik dəstək).
• Qanun layihəsinin qüvvəyə minməsi üçün daha sonra Senatda da təsdiqlənməsi və prezident Tramp tərəfindən imzalanması lazımdır.
• “Deep State” anlayışı Qərbdə, xüsusən də ABŞ-da, 2016-cı ildə Trampın ilk dəfə prezident seçilməsindən sonra geniş yayıldı.
• “Gürcü Arzusu” bu termindən 2022-ci ildən bəri geniş istifadə edir və onu əvvəlki “qlobal müharibə partiyası” nəzəriyyəsinin yeni adlandırması kimi təqdim edir.
• Həmin nəzəriyyəyə görə, bu "qlobal partiya" ABŞ və Aİ-nin siyasi elitlərini idarə edir, əhalini azaltmaq məqsədi güdür və Bidzina İvanişvilinin və “Gürcü Arzusu”nun əsas düşmənidir.

mənbə: marneulifm