Avropa Şurası Parlament Assambleyası Gürcüstandakı vəziyyətlə bağlı təcili debatlar keçirəcək

Avropa Şurası Parlament Assambleyası (PACE) 7–11 aprel tarixlərində Strasburqda keçiriləcək yaz sessiyası çərçivəsində Gürcüstandakı vəziyyətlə bağlı təcili debatlar təşkil edəcək.
Bu barədə qurumun rəsmi vebsaytında yerləşdirilmiş məlumatda bildirilir.
Təcili debatlarla yanaşı, PACE Gürcüstan üzrə qəbul edilmiş qətnaməyə dair sonrakı addımları da müzakirə edəcək. Bu qətnamə Gürcüstan nümayəndə heyətinin mandatlarının ratifikasiyası ilə bağlıdır.
Xatırladaq ki, 2024-cü il yanvarın 29-da PACE Gürcüstana yeni parlament seçkilərinin keçirilməsini tövsiyə edən qətnamə qəbul edib. Qətnamədə nümayəndə heyətinin mandatları müəyyən şərtlərlə 2025-ci ilin aprel sessiyasına qədər ratifikasiya olunur.
PACE Gürcüstan rəsmilərindən bir sıra konkret və təcili addımların atılmasını tələb edir:
????️Bütün tərəflərin – iqtidar, müxalifət və vətəndaş cəmiyyətinin iştirakı ilə inklüziv dialoqun dərhal başlanması, 2024-cü ilin parlament seçkilərindəki nöqsanların aradan qaldırılması və yeni, həqiqətən demokratik seçkilərin keçirilməsi üçün zəruri seçki mühitinin yaradılması məqsədilə;
????️Gürcüstanın Avropa İttifaqına inteqrasiya yolunun bərpası və bu istiqamətdə islahatların sürətləndirilməsi üçün səmərəli addımların atılması;
????️Polis zorakılığı və insan hüquqları pozuntularının dərhal dayandırılması, bu halların effektiv şəkildə araşdırılması və nümayişçilərin, jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsi və ya onlara qarşı siyasi motivli məhkəmə proseslərinə son qoyulması;
????️2025-ci ilin aprel sessiyasına qədər bütün siyasi məhbusların azad olunması.
Qətnamədə həmçinin vurğulanır ki, bu istiqamətlərdə irəliləyişin olub-olmamasından asılı olaraq, Assambleya 2025-ci ilin aprelində Gürcüstan nümayəndə heyətinin mandatlarını yenidən qiymətləndirə bilər, o cümlədən onların dayandırılması da gündəmdə ola bilər.