Batumidə azyaşlıların iştirakı ilə vəhşicəsinə döyülmə hadisəsi baş verib - VİDEO

Aug 29, 2025 - 14:39
 0  67

Batumidə azyaşlılardan ibarət dəstə Belarus vətəndaşlarını qəddarcasına döyüb. Hadisə şəhər mərkəzində, səhər saatlarında qeydə alınıb.

Məlumata görə, insident nəticəsində iki nəfər xəsarət alıb. Onlar polis bölməsinə aparılaraq gecə yarısına qədər ifadə veriblər. Zərərçəkənlərdən biri bildirib ki, hadisə barı tərk etdikdən sonra parkda baş verib:

“Altı nəfər idik, barı səhər tezdən tərk etdik. Parkda oturmuşduq, yanımıza bir nəfər gəldi, sonra digərləri də qoşuldu. Əvvəlcə siqaret istədilər, verdik. Daha sonra mübahisə yarandı, bizi alqıya aldılar. Onlardan biri qadın yoldaşımıza zərbə vurdu, sonra isə üçümüzü döyməyə başladılar. Hər birimizə dörd nəfər hücum edirdi, əvvəl yumruqla, sonra yıxılanda təpiklə vururdular. Hətta boğmağa da cəhd etdilər. Soruşanda niyə belə etdiklərini, cavab verirdilər: ‘İstəyirik, ona görə də döyürük’”.

Zərərçəkən əlavə edib ki, hücum edənlər sərxoş vəziyyətdə olublar və onları döyməklə yanaşı, soyublar da.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan kadrlarda azyaşlıların gənc kişini dövrəyə alaraq dəfələrlə zərbə endirdiyi, nəticədə onun huşunu itirdiyi görünür.

Polis hadisə ilə bağlı istintaqa başlayıb. Məlumata əsasən, azyaşlıların əvvəllər də müxtəlif qanun pozuntularında iştirakları olub. Lakin hələlik onların saxlanılıb-saxlanılmadığı barədə rəsmi açıqlama verilməyib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi – “zorakılıq” üzrə aparılır.

mənbə: interpress