Batumidə silahlı qətl törədən şəxs hakim qərarı ilə yaxalandı

Jun 8, 2026 - 14:41
 0  15
Batumidə silahlı qətl törədən şəxs hakim qərarı ilə yaxalandı

Gürcüstanın DİN əməkdaşları tərəfindən Acarıstan bölgəsində keçirilən operativ-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürmə və odlu silahın qanunsuz alınması, saxlanılması, gəzdirilməsi ittihamı ilə bir nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti rəsmi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 31 may tarixində Batumi şəhərində aralarında yaranan münaqişə zəminində tanışı olan kişiyə odlu silahdan atəş açaraq çoxsaylı bədən xəsarətləri yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Ağır güllə yaraları alan şəxs tibb müəssisəsinə çatdırılana qədər yolda dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən intensiv və mütəşəkkil axtarış-istintaq hərəkətləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən şəxs hakimin müvafiq qərardadı əsasında təqsirləndirilən şəxs qismində həbs olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (Qəsdən adam öldürmə) və 236-cı (Odlu silahın qanunsuz alınması, saxlanılması və gəzdirilməsi) maddələri ilə rəsmi istintaq hərəkətləri davam etdirilir.

Sözügedən maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.