Batumi klinikasında körpəsini öldürməyə cəhd edən sanitar həbs edilib

Feb 24, 2026 - 22:07
 0  10
Batumi klinikasında körpəsini öldürməyə cəhd edən sanitar həbs edilib

Batumidəki "Medina" klinikasının sanitar qovşağında doğuşdan dərhal sonra yeni doğulmuş körpəsinə ağır xəsarətlər yetirən klinika əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Xeber.ge xeber  verir ki, Batumi Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək təqsirləndirilən qadının istintaq dövründə həbsdə qalmasına qərar verib.

Klinikanın direktoru Cumbur Unqiadenin sözlərinə görə, hadisə fevralın 22-də baş verib. Sanitariya işçisi olan qadın gecə saatlarında sanitar qovşağında gizli doğuş həyata keçirdikdən sonra körpənin boğazını kəsib. "Körpə sağdır, lakin boğazı ağır dərəcədə zədələnmişdi. Qadın özü də çoxlu qan itirmişdi. Özünə qəsd etməsinin qarşısını almaq üçün psixiatr və mühafizə cəlb etmişdik", - deyə direktor bildirib.

Ağır xəsarətlər alan yeni doğulmuş körpə üzərində artıq iki mürəkkəb cərrahi əməliyyat aparılıb. Fevralın 24-də klinika rəhbərliyi körpənin vəziyyətinin "nisbətən yaxşılaşdığını" və müsbət dinamikanın müşahidə edildiyini açıqlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi qadına qarşı Cinayət Məcəlləsinin 11 prim 19-109-cu maddəsi (ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhd) ilə ittiham irəli sürüb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 16 ildən 20 ilə qədər və ya ömmürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. İş üzrə növbəti məhkəmə iclası aprelin 21-nə təyin edilib.