Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb

Feb 26, 2026 - 13:07
 0  9
Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb

Azərbaycandan Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği 3,1 milyard ABŞ dollarını ötüb.

Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin Kaxetiya regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.

O, ölkəsinin regionda iqtisadi mərkəz rolunu gücləndirdiyini bildirib: "Gürcüstan regionda əsas ticarət tərəfdaşları və investorlar üçün mühüm platformaya çevrilməkdə davam edir. Məsələn, Türkiyə 2025-ci ildə Gürcüstanın birinci ticarət tərəfdaşı olub. Azərbaycan isə ölkənin ən böyük iqtisadi tərəfdaşları sırasına daxil olaraq yeddinci yerdə qərarlaşıb".

M. Kvrivişvili xüsusilə Azərbaycanla iqtisadi əlaqələrin strateji xarakter daşıdığını vurğulayaraq iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın regional inkişaf üçün vacib rol oynadığını qeyd edib: "Gürcüstan hökuməti regionda etibarlı tərəfdaş kimi çıxış edərək iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə vermək niyyətindədir. Hökumət iqtisadi inkişafın davamlılığını təmin etmək üçün nəqliyyat və logistika infrastrukturuna böyük investisiyalar yatırmağı planlaşdırır. 2032-ci ilə qədər bu sahəyə təxminən 7 milyard ABŞ dolları investisiya yönəldilməsi nəzərdə tutulur ki, bu da Gürcüstanın regional tranzit potensialını artıracaq".

mənbə: report