Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib
Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı qətnamə qəbul edib.
Nümayəndədən 68-i lehinə, 7-si əleyhinə səs verib, 2-si isə bitərəf qalıb.
Qətnamə layihəsinin mətnində deyilir ki, Assambleya Gürcüstan hakimiyyətinin onun Gürcüstandakı demokratik böhranla bağlı beynəlxalq ictimaiyyət tərəfindən paylaşılan narahatlıqlarına və tövsiyələrinə sistemli şəkildə məhəl qoymamasından dərin narahatdır.
Sənəddə Gürcüstanda planlaşdırılan yerli seçkilərdən də bəhs edilir.
"Gürcüstanda qarşıdan gələn yerli seçkilərlə əlaqədar olaraq, Assambleya yeni, həqiqətən demokratik seçkilər üçün əlverişli seçki mühitinin yaradılması üçün təcili, inklüziv prosesə çağırışının yerinə yetirilməməsindən təəssüflənir. Bu, müxalifət partiyalarının əksəriyyətinin qarşıdan gələn yerli seçkilərdə iştirak etməmək qərarından da aydın görünür. Assambleya təəssüflə bildirir ki, bu seçkilər seçkiləri müşahidə etmək üçün yaxşı reputasiyaya malik vətəndaş cəmiyyəti təşkilatları tərəfindən müşahidə edilməyəcək. Bununla əlaqədar olaraq, Gürcüstan hakimiyyətinin Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresini qarşıdan gələn seçkiləri müşahidə etmək üçün dəvət etməməsindən çox təəssüflənir. Assambleya həmçinin təəssüflənir ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT/DTİHB) Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna dəvət qəsdən gec göndərilib ki, onlar seçkiyi müşahidə edə bilməsin”, - deyə qətnamə layihəsində qeyd olunur.
Qətnamə layihəsində həmçinin bildirilir ki, Assambleya siyasi narazılığın davamlı və amansız şəkildə boğulmasını, o cümlədən repressiv qanunvericiliyin qəbulu və vətəndaş cəmiyyətinə, müstəqil mediaya, müxalifət qüvvələrinə və ayrı-ayrı etirazçılara qarşı siyasi motivli hüquqi təqiblərdən sui-istifadə etməni pisləyir. Assambleya hesab edir ki, bu repressiya ölkənin sosial-siyasi böhranını daha da gücləndirir, onun Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri pozur və onun demokratik geri çəkilməsini dərinləşdirir.
Assambleya Gürcüstanda müxalifət üzvlərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı siyasi motivli təqibləri bir daha pisləyir.
Bundan əlavə, Assambleya 2003-2012-ci illərdə Vahid Milli Hərəkat-ın və onun siyasi nümayəndələrinin fəaliyyətini araşdıran Parlamentin İstintaq Komissiyasından ciddi narahatlığını bildirir.
Assambleya Komissiyanın Vahid Milli Hərəkat və ona bağlı partiyaların Gürcüstanda sağlam siyasi sistemin qurulmasına mane olması və buna görə də qadağan edilməli olduğu qənaətini pisləyir. Assambleya Gürcüstanın baş nazirinin hakim çoxluğun “Kollektiv Milli Hərəkat”a daxil olan bütün partiyaları – praktiki olaraq bütün hazırkı demokratik müxalifəti – konstitusiyaya zidd elan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyi barədə bu yaxınlarda verdiyi açıqlamanı qətiyyətlə pisləyir. Assambleyanın fikrincə, demokratik müxalifətə bu cür qadağa faktiki olaraq Gürcüstanda birpartiyalı diktatura bərqərar edər və bu, Avropa Şurasına üzvlüklə bir araya sığmaz.
mənbə: Intrepress.ge