Baş prokurorun səlahiyyətlərini Qiorqi Qvarakidze icra edəcək

Qiorqi Qvarakidze Gürcüstanın Baş prokurorunun müavini vəzifəsinə təyin edilib.
O, Baş prokurorun səlahiyyətlərini icra edəcək.
Bu məlumatı ilk olaraq hökumətyönlü “İmedi” media yayıb və xəbəri Prokurorluq da təsdiqləyib.
Qvarakidze 2025-ci il mayın 13-də Tbilisi şəhər prokuroru təyin edilib.
Tbilisi prokuroru təyin olunmazdan əvvəl isə o, Xüsusi İstintaq Xidmətinin Xüsusi İşlər üzrə İstintaq Departamentinin rəis müavini vəzifəsində çalışıb.
İyun ayının 4-də məlum olub ki, Birləşmiş Krallıq tərəfindən sanksiyaya məruz qalmış Baş prokuror Qiorqi Qabitaşvili vəzifəsindən istefa verib.
Parlament sədri Şalva Papuaşvili onu Baş auditor vəzifəsinə namizəd olaraq irəli sürüb. Hazırkı baş auditor Tsotne Kvaliaşvili isə Baş nazir İrakli Kobaxidzenin göstərişi ilə sabiq maliyyə naziri Laşa Xutsişvilinin müavini təyin olunub.
mənbə: marneulifm