Avropa Parlamenti və Avropa Şurası viza rejiminin dayandırılmasına dair yeni əsaslarda razılığa gəldi

Jun 17, 2025 - 16:45
 0  18
Avropa Parlamenti və Avropa Şurası viza rejiminin dayandırılmasına dair yeni əsaslarda razılığa gəldi

Avropa Parlamenti və Avropa Şurasının komandaları Avropa İttifaqına (Aİ) qısamüddətli səfərlər üçün vizasız rejimin dayandırılmasına dair yeni əsaslarla bağlı razılığa gəliblər. Məlumat Aİ-nin rəsmi internet səhifəsində dərc olunub.

Yeni razılaşmaya əsasən, Aİ-yə üzv dövlətlər vizasız rejim sazişinin əsas prinsiplərinin pozulması hallarına daha çevik cavab verə biləcəklər. Bu pozuntulara təhlükəsizlik məsələləri və insan hüquqlarının kobud şəkildə pozulması da daxildir.

Bundan sonra aşağıdakı hallar vizasız rejimin dayandırılması üçün hüquqi əsas olacaq:

  • BMT Nizamnaməsinin pozulması;
  • İnsan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması;
  • Beynəlxalq məhkəmə qərarlarının icra edilməməsi.

Həmçinin, yeni qanun aşağıdakı əlavə əsasları da nəzərdə tutur:

  • Dövlət tərəfindən maliyyələşdirilən miqrant alətləri vasitəsilə hibrid təhdidlər və cəmiyyətin sabitliyini pozmaq məqsədilə miqrasiyadan sui-istifadə halları;
  • Təhlükəsizliklə bağlı narahatlıq doğuran “investor vətəndaşlığı” sxemləri (qızıl pasport proqramları);
  • Aİ-nin viza siyasətinə uyğun gəlməyən ölkələrin Aİ-yə qeyri-qanuni giriş üçün tranzit ölkəyə çevrilməsi.

Eyni zamanda, mövcud əsaslar da qüvvədə qalacaq, o cümlədən ölkələrin readmissiya (geri qəbul) məsələsində əməkdaşlıqdan imtina etməsi.

Razılaşmanın qüvvəyə minməsi üçün o, həm Avropa Parlamenti, həm də Avropa Şurası tərəfindən rəsmi olaraq təsdiqlənməlidir.

mənbə: interpress