Almaniya Gürcüstanla elmi əməkdaşlığı dayandırır

Feb 28, 2025 - 15:38
 0  40
Almaniya Gürcüstanla elmi əməkdaşlığı dayandırır

Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Federal Nazirliyi (BMBF) Gürcüstan hökumətinin Avropa yolundan uzaqlaşması səbəbilə, bu ölkənin Təhsil, Elm və Gənclər Nazirliyi, eləcə də digər dövlət qurumları ilə əməkdaşlığı dayandırır.

Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Səfirliyin açıqlamasında bildirilir ki, BMBF Gürcüstan hökumətinin daxili sabitliyi bərpa etməyə, akademik azadlıqları təmin etməyə və Avropa inteqrasiyası yoluna qayıtmağa dair konkret və inandırıcı addımlar atacağı halda, dialoqun bərpasına açıqdır.

BMBF eyni zamanda Almaniya universitetlərinə, tədqiqat və icraedici təşkilatlara Gürcüstanın dövlət qurumları ilə institusional əməkdaşlığı hüquqi imkanlar çərçivəsində dayandırmağı tövsiyə edib.

“Akademik azadlıq təmin olunmalıdır”

Məlumatda vurğulanır ki, Almaniya Gürcüstanda azad mühitdə elmi fəaliyyətini davam etdirmək istəyən alimlərlə həmrəydir və akademik azadlıqların qorunmasının Gürcüstanın BMT üzvü kimi üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olduğunu xatırladır.

"Bu səbəbdən biz Gürcüstandakı alimlər və vətəndaş cəmiyyətinin tədqiqat sahəsində fəaliyyət göstərən strukturları ilə dialoqu davam etdirməyə və Avropaya inteqrasiyanı dəstəkləməyə hazırıq.”

Nazirlik bildirir ki, Gürcüstan və Almaniya arasında tələbə mübadiləsi Avropaya inteqrasiyaya mühüm töhfə verir və bu proses davam edəcək.

Elmi layihələr və fərdi maliyyələşdirmə davam edəcək

BMBF alman və gürcü alimləri arasında əməkdaşlığın davam etməsinin vacibliyini qeyd edərək, layihələr və fərdi maliyyələşdirmənin davam edəcəyini bəyan edib.

“Bu addımla biz həmçinin Avropaya inteqrasiya olunmuş və açıq Gürcüstanı dəstəkləyən insanlara dəstək siqnalı göndəririk,” – deyə məlumatda qeyd olunur.

BMBF eyni zamanda Almaniya universitetlərinə və tədqiqat təşkilatlarına Gürcüstanın dövlət qurumları ilə institusional əməkdaşlığı dayandırmağı tövsiyə edib. Bununla belə, yekun qərarın qəbul edilməsi akademik azadlıq prinsipinə əsasən alimlərin öz öhdəsinə buraxılır.

mənbə: Interpress