Aleko Elisaşviliyə 13 il həbs cəzası verilib
Tbilisi Şəhər Məhkəməsi "Güclü Gürcüstan – Lelo" partiyasının liderlərindən biri Aleko Elisaşvilini 2025-ci ilin noyabrında məhkəmə dəftərxanasını yandırmağa cəhd göstərdiyinə görə 13 il müddətinə azadlıqdan məhrum edib.
XEBER.GE xeber verir ki, Məhkəmə Elisaşvilini ondan təqsirli bilib ki, o, 2025-ci il noyabrın 29-da dan yeri sökülərkən, maskalı halda Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasının xarici fasadının şüşəsini çəkiclə sındırıb, içəri daxil olub və yandırmağa cəhd göstərərək otağa, o cümlədən dəftərxana ləvazimatlarına, texnikaya və sənədlərə benzin töküb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, məhkəmə icraçıları Elisaşviliyə mane olmağa çalışıblar, lakin o, üzərindəki odlu silahdan istifadə edərək onlara müqavimət göstərib. Nazirlikdən həmçinin qeyd ediblər ki, o, icraçılara qarşı fiziki zorakılıq tətbiq edib.
Bundan əlavə, məhkəmə 2025-ci il mayın 4-də baş vermiş digər terror aktı epizodu üzrə də hökm çıxarmalıdır. Həmin vaxt Elisaşvili məhkəmənin yüzlərlə cinayət, mülki və inzibati işlərinin saxlanıldığı arxivini yandırıb.
İstintaq hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri hakimiyyətin qollarından birinin – məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin fəaliyyətini qeyri-sabitləşdirməyə yönəlib. Bundan əlavə, məhkəmənin infrastrukturunu, bəzi işləri və digər mühüm materialları məhv etməklə o, külli miqdarda əmlak ziyanı vurub. Təqsirləndirilən şəxs, həmçinin həmin vaxt məhkəmə binasında olan icra xidmətinin üç əməkdaşının sağlamlığı və həyatı üçün təhlükə yaradıb.