Məcburi köçkünlər üçün yeni proqram

Oct 12, 2026 - 14:46
 0  14
Məcburi köçkünlər üçün yeni proqram

Gürcüstan hökuməti məcburi köçkünlərin mənzillə təminatı prosesini sürətləndirmək məqsədilə yeni proqrama start verir. Yaşayış binalarının tikintisi ilə paralel olaraq, mənzil əvəzinə pul kompensasiyasının verilməsi nəzərdə tutulur.

XEBER.GE xeber  verir ki, mənzil almayan məcburi köçkün ailələri mənzil əvəzinə pul kompensasiyası almaq üçün könüllü müraciət edə biləcəklər.

Ödəniş məcburi köçkün ailəsinin hər bir üzvünə 10 000 lari təşkil edəcək. Müraciətlər Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin müvafiq agentliyinə növbəlilik qaydasında təqdim olunacaq.

Bu proqram üçün cari ildə 58 milyon lari ayrılacaq və növbəti illərdə büdcənin daha da artırılması planlaşdırılır.

Kompensasiya proqramı ilə yanaşı, mənzil tikintisi və "Kənddə ev" (Soplad sakhi) proqramları da pul kompensasiyası üçün müraciət etməyən ailələr üçün adi qaydada davam etdiriləcək.

2012-ci ildən bəri 45 mindən çox məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib, bu il isə "Kənddə ev" proqramı çərçivəsində 2 000-ədək ailə ev əldə edib. Cari tikintilər başa çatdıqdan sonra daha 2 600 ailəyə mənzil veriləcək. Baş nazirin bildirdiyinə görə, mövcud ehtiyacın tam ödənilməsi üçün ən azı 10 il tələb olunduğundan bu alternativ mexanizm qəbul edilib.